AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

XƏBƏRLƏR
20 iyun 2012 | 06:06   
Paylaşın:        

İyunun 25-dən 29-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.
Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada demokratiyanın cari vəziyyəti, miqrantlar, demokratiya və sosial hüquqlar üçün təhlükə, iqtisadi böhranın Avropada yerli və regional idarəçiliyə təsiri, Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, Tunisdə siyasi keçid dövrü, Assambleyanın monitorinq prosesinin təkmilləşdirilməsi, Avropada müsəlman qadınlara qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU