QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 20 İLLİK YUBİLEYİ QEYD EDİLƏCƏK

XƏBƏRLƏR
23 iyun 2012 | 11:06   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi sədrinin müavini Asəf Hacıyev qurumun tədbirlərində iştirak etmək üçün iyunun 25-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Səfər müddətində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyinə həsr olunmuş üzv ölkələrin dövlət və hökumət başçılarının toplantısı keçiriləcək. Yubiley tədbirləri çərçivəsində təşkilatın Xarici İşlər Nazirləri Şurasının, Parlament Məclisinin xüsusi iclasları, habelə qeyri-hökumət təşkilatları, ticarət və investisiyalara dair forumları olacaq.
Deputatımız həmçinin QDİƏT Parlament Məclisinin prosedur qaydaları üzrə işçi qrupunun iclasında iştirak edəcək.
İstanbulda keçiriləcək tədbirlərdən sonra Asəf Hacıyev QDİƏT Parlament Məclisində Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Yemelyanovun dəvəti ilə Moskvaya yola düşəcək. Millət vəkili qurumda təmsil olunan nümayəndə heyətləri başçılarının burada keçiriləcək görüşünə qatılacaq, təşkilatın prosedur qaydaları ilə bağlı məsələyə münasibətini bildirəcək.
Səfər iyulun 1-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU