AVROPA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
26 noyabr 2018 | 06:11   
Paylaşın:        

Noyabrın 26-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
 Ölkəmizdə Avropa Parlamenti ilə əlaqələrə önəm verildiyini bildirən Səməd Seyidov həmin qurumda Böyük Britaniyanı təmsil edən qonaqların nəzərinə çatdırdı ki,  Azərbaycanın Böyük Britaniya ilə, həmçinin bütün Qərb dünyası, Avropa ölkələri ilə mükəmməl əlaqələri var. Qeyd etdi ki, hazırda dünyada reallıqlar çox sürətlə dəyişir. Bölgələrdə təhlükəsizliyi qorumaq mühüm əhəmiyyət kəsb edir. Ermənistanın yürütdüyü işğalçılıq siyasəti Cənubi Qafqaz bölgəsində sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir.
Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Naxçıvanın blokada altında olmasından söz açan komitə sədri vurğuladı ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan problemin sülh yolu ilə çözülməsinə səy göstərir.
Sonra görüşdə deputat Asim Mollazadə fikirlərini bölüşdü. Hazırda dünya siyasətində baş verən hadisələrə, münaqişə bölgələrindəki vəziyyətə toxundu. Bildirdi ki, Azərbaycan regionda təhlükəsizliyin qorunmasına və Avropanın enerji təchizatına ciddi töhfələr verir. Dağlıq Qarabağ probleminin həlli üçün yalnız Azərbaycan deyil, hər iki tərəf səy göstərməlidir.
 Görüş zamanı Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordeni maraqlandıran bütün məsələlərə aydınlıq gətirildi, sualları cavablandırıldı.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU