AVROPA PARLAMENTİ -AZƏRBAYCAN ƏLAQƏLƏRİ GENİŞLƏNİR

XƏBƏRLƏR
26 noyabr 2018 | 05:11   
Paylaşın:        

Noyabrın 26-da Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ilə görüşdü.
Qonağı  səmimi  salamlayan  Cavanşir Feyziyev bildirdi ki, son illər ərzində Azərbaycanla Avropa arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkəmizlə Avropa İttifaqı arasında genişlənən əlaqələrdə parlamentlərarası əməkdaşlığın rolu çox böyükdür. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət partnyorudur - deyən Cavanşir Feyziyev ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycanın  təşəbbüskarı  və iştirakçısı olduğu  qlobal  layihələrdən, əldə olunmuş nailiyyətlərdən söhbət  açdı.
Millət  vəkili  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan problemin sülh yolu ilə həllinə tərəfdardır. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli və işğal etdiyi əraziləri boşaltmalıdır.
Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını ifadə etdi. Qonaq  bildirdi ki, Azərbaycana ilk səfəridir və  Bakıda olmasından qürur hissi keçirir. Ölkəmiz haqqında geniş məlumata  malik olan Ceffri Van Orden burada  müşahidə  etdiyi  iqtisadi  yüksəlişin onda böyük təəssürat yaratdığını vurğuladı. Qeyd  olundu ki, Azərbaycan həm geosiyasi yerləşməsinə, həm də iqtisadi durumuna görə Avropanın daim diqqət  mərkəzində olan bir ölkədir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Zəngin təbii ehtiyatlara malik Azərbaycanda iri neft layihələrinin reallaşması ölkənin tərəqqisini daha da sürətləndirəcək. Qonaq  Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə inamını bildirdi.
 Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə millət  vəkilləri Sahibə Qafarova, Tahir Mirkişili  və digər  rəsmi şəxslər  iştirak  edirdilər.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU