MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
28 noyabr 2018 | 09:11   
Paylaşın:        

Milli Məclisin Sədr müavini Valeh Ələsgərov, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün noyabrın 28-dən Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.
Assambleya Şurasının iclasında MDB PA-ya üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq, iqtisadiyyat üzrə məşvərət şurası, “Birliyin uşaqları” mədəni-maarif forumunun əsasnaməsi haqqında məruzələr  dinləniləcək, MDB PA-nın 2019-cu il üçün fəaliyyət planı, qurumun daimi komissiyalarının sədrlərinin təsdiqi, maliyyə və digər məsələlərə baxılacaq.
Yığıncaqda MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri Arif Rəhimzadə Dünya Səhiyyə Təşkilatının Avropa bürosunun “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” sənədin ratifikasiyası ilə bağlı müraciəti barədə məruzəni təqdim edəcək.
Qurumun 48-ci plenar iclasında “Könüllü yanğından mühafizə haqqında”, “Fərdi məlumatlar haqqında”, “Uşaq və yeniyetmə turizmi haqqında” model qanunlar, beynəlxalq humanitar hüquqa dair təlimat, ictimai-fərdi tərəfdaşlığın inkişafı, təhsilin səviyyəsinin artırılması, ekologiya üzrə siyasətin formalaşması, bələdiyyələr arasında əməkdaşlığın təşkili və hüquqi tənzimlənməsi ilə bağlı tövsiyələr müzakirə olunacaq.
Tədbirlər çərçivəsində qurumun Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, Hüquqi məsələlər, Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyalarının toplantıları da keçiriləcək.
Deputatlarımız səfər zamanı, həmçinin, “Bəzi mərmilərin müharibə zamanı tətbiqinin qadağan olunmasına dair Sankt-Peterburq Bəyannaməsinin 150 illiyi” mövzusunda beynəlxalq konfransın işinə qatılacaqlar.

Səfər dekabrın 1-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU