AZƏRBAYCAN AVROPA HÜQUQ SİSTEMİNİN AYRILMAZ HİSSƏSİNƏ ÇEVRİLMİŞDİR

XƏBƏRLƏR
27 noyabr 2018 | 10:11   
Paylaşın:        
Noyabrın 26-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ilə görüşdü.
Qonağı salamlayan komitə sədri Əli Hüseynli bildirdi ki, Azərbaycanla  Avropa İttifaqı arasında əməkdaşlıq yüksək sürətlə inkişaf edir. Azərbaycan Avropa İttifaqı və quruma üzv ölkələrlə əlaqələrə xüsusi önəm verir.
Azərbaycanın Avropa hüquq sisteminin ayrılmaz bir hissəsinə çevrildiyini deyən komitə sədri son illər ölkəmizin qazandığı nailiyyətlər barədə məlumat verdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Hüseynli qeyd etdi ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunub. Lakin təəssüflər olsun ki, bu sənədlər hələ də icra olunmur. Bu məsələyə Avropa İttifaqı və digər beynəlxalq qurumlar səssiz qalmamalıdır. Ermənistan başa düşməlidir ki, onun gələcəyi qonşu ölkələrlə münasibətlərin vəziyyətindən asılıdır.
Səfərinin məqsədlərindən danışan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden diqqətə çatdırdı ki, Azərbaycana ilk səfəri olmasına baxmayaraq, ölkə ilə bağlı kifayət qədər məlumatlıdır. Regionun istər geosiyasi, istərsə də iqtisadi durumundan xəbərdardır. Bu səfər zamanı əsas məqsəd regiondakı vəziyyətlə bağlı daha dolğun məlumat əldə etməkdir.
Söhbət zamanı terrorizmlə və onun maliyyələşdirilməsi ilə mübarizə məsələləri, ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlərarası və dinlərarası dialoqun vacibliyi, terrorizmi yaradan səbəblərin aradan qaldırılması və digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə, Elşən Musayev və başqa rəsmi şəxslər iştirak edirdilər.

Milli  Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU