MİLLİ MƏCLİSDƏ TURKAP TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

XƏBƏRLƏR
29 noyabr 2018 | 06:11   
Paylaşın:        

Noyabrın  29-da  Milli Məclis  Sədrinin müavini Bahar Muradova ölkəmizdə  səfərdə olan  Türk Dünyası Qadın Platformunun (TÜRKAP)   nümayəndələri ilə  görüşdü.
Qonaqları  Azərbaycan  parlamentində  salamlamaqdan məmnunluq  duyduğunu  bildirən vitse-spiker  Türkiyə ilə  bütün  münasibətlərin bizim üçün böyük önəm kəsb etdiyini bildirdi. Bahar  Muradova  ulu öndər  Heydər  Əliyevin  məşhur  deyimini xatırladaraq - “bir millət - iki dövlət”  olduğumuzu,  hər  zaman  ortaq tariximizin, dilimizin, dinimizin  qüruru ilə yaşadığımızı diqqətə çatdırdı. O, Türkiyə  və Azərbaycan parlamentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu, qardaşlığımızın bütün dünyaya  örnək göstərildiyini  vurğuladı.
Bahar Muradova 6  türk  ölkəsinin – Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və  Şimali Kipr Türk Cümhuriyyətinin   təşəbbüsü  və təşkilatçılığı  ilə  yaranan  bu  təşkilatın  çox  müqəddəs  amallar  uğrunda   fəaliyyət  göstərəcəyindən məmnun olduğunu bildirdi. Təşkilatın  qarşısına  qoyduğu  hədəflərin – ortaq  siyasi-mədəni  tədbirlərin  təşkili,  qadınların  fəaliyyətinin sərhədlərinin  genişləndirilməsi,  türk  dünyası  qadınları  arasında  dialoq  və tarixi  qardaşlıq   bağların  gücləndirilməsi  olduğunu  qeyd etdi.   
 TURKAP nümayəndə  heyətinin  rəhbəri, Türkiyə Böyük Millət Məclisinin  üzvü Mihrimah  Belma Satır   Azərbaycanda özlərini doğma  evlərində olduğu kimi hiss  etdiklərini  diqqətə çatdırdı.  Bu ilin sentyabrında  İstanbulda  təsis olunan  təşkilatın  gələcək  fəaliyyətindən, qarşıya  qoyulan  hədəflərə  doğru  irəliləmək yolunda  atılan  addımlardan  söz  açdı. Qonaq  bildirdi ki,  bu ilin dekabrında İstanbulda  təşkilatın üzvü olan 200 qadının iştirakı ilə qurumun Beynəlxalq  Forumu  keçiriləcək.
Tədbirdə  iştirak edən Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin sədri  Aqiyə Naxçıvanlı, millət  vəkilləri Sahibə Qafarova, Sevinc  Fətəliyeva,  Kamilə Əliyeva, Jalə Əliyeva, TBMM üzvü Rəsmiyyə Çanaltay, Hesablama Palatasının auditoru Mehriban Alışanova,  TURKAP  təşkilatının qurucusu Zait Nahmatov, filoloq-alim Şərəf Cəlilli və başqaları  təşkilatın  fəaliyyətinin türk  dünyası  üçün  çox əhəmiyyətli olacağından, nəzərdə  tutulan layihələrin  qadınlarımızın   və  tərəqqipərvər  cəmiyyətimizin inkişafına xidmət  edəcəyindən  söz  açdılar. 

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU