AVROPA İTTİFAQI – AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIĞI KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
23 iyun 2012 | 03:06   
Paylaşın:        

İyunun 20-21-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin (PƏK) növbəti XII iclası keçirilmişdir.
Avropa Parlamentinin binasında keçirilən tədbirdə Milli Məclis Sədrinin müavini, PƏK-in həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti və Avropa Parlamentinin deputatı, PƏK-in həmsədri Milan Kabrnoxun rəhbərliyi ilə Avropa Parlamentinin nümayəndə heyəti iştirak edirdi.
İclasda Azərbaycan hökumətini Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Sahil Babayev və ölkəmizin Avropa İttifaqı yanındakı xüsusi nümayəndəsi, səfir Emin Eyyubov təmsil edirdilər. Komitənin iclasında Avropa İttifaqı adından təşkilatın  Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort, qurumun genişlənmə üzrə komissarı Stefan Füle və Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Roland Kobiya iştirak edirdilər.
Tədbirdə komitə iclasının gündəliyinə daxil edilmiş məsələlər – Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin bugünkü durumu, siyasi, iqtisadi inkişaf prosesləri, ətraf mühit, daha geniş Qara dəniz regionunda əməkdaşlıq çərçivəsində ölkəmizin rolu, Avropaya inteqrasiya məsələlərinə dair fikir mübadiləsi aparılmış, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU