DEPUTATLARIMIZ FRANSADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
10 dekabr 2018 | 04:12   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli və Elşad Həsənov dekabrın 9-dan Fransada səfərdə olacaqlar.
Millət vəkilləri Strasburq şəhərində Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəklər. Toplantı Avropa Parlamentinin plenar sessiyası çərçivəsində  keçirilir. Tədbir zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş  AXC tarixindən bəhs edən film və Azərbaycana həsr olunmuş foto-sərgi nümayiş olunacaq.
Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Cavanşir Feyziyev, eyni zamanda, Fransa Senatında və Milli Assambleyada Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcək. Görüşdə qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunacaq. Fransanın Kolmar şəhərinin fəxri səfiri olan Cavanşir Feyziyev bu şəhərin meri ilə də görüşəcək. Görüşdə Şəki ilə Kolmar arasında əməkdaşlıq barədə imzalanmış protokola əsasən, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Avronest Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova isə səfər müddətində qurumun Büro iclasında iştirak edəcək. Yığıncaqda Avronest PA-nın 2019-cu il üçün tədbirlər planı, təşkilatı və bir sıra texniki məsələlərə baxılacaq.
Səfər dekabrın 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU