AZƏRBAYCAN – SƏUDİYYƏ ƏRƏBİSTANI DOSTLUĞU DAHA DA MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
21 yanvar 2019 | 03:01   
Paylaşın:        

Yanvarın 21-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə  parlamentlərarası əlaqələr  üzrə  işçi  qrupu üzvlərinin ölkəmizdə  səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı parlamentinin nümayəndə heyəti  ilə  görüşü oldu.
Qonaqları  salamlayan işçi qrupun rəhbəri,  Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov xalqlarımız  arasında  tarixən  mövcud  olan dostluq əlaqələrindən söz açdı. Bildirildi ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
İki dost ölkə arasında qardaşlıq münasibətlərinin gündən-günə inkişaf etdiyini deyən işçi qrupun rəhbəri münasibətlərimizin inkişafında  parlamentlərarası  əlaqələrin  xüsusi rolu olduğunu  vurğuladı.
Qonaqlara Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ  münaqişəsinin hazırkı durumu barədə ətraflı məlumat verildi. Qeyd edildi ki,  münaqişə  bütün region  ölkələrinin təhlükəsizliyini təhdid  altında  saxlayır. İşğalçı ölkə  isə  Azərbaycan  torpaqlarının qeyd-şərtsiz  azad edilməsi ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur.
Səmimi görüş və yüksək qonaqpərvərlik üçün minnətdarlığını bildirən  nümayəndə heyətinin rəhbəri, Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla dostluq  komitəsinin başçısı Fayez bin Abdulla Əl Şəhri xalqlarımız  arasındakı  dostluq  münasibətlərini yüksək qiymətləndirdi. O,  hər iki ölkə arasında iqtisadi, ticari,  mədəni münasibətlərin, turizm əlaqələrinin daha da inkişafının, parlament nümayəndə heyətləri arasında  qarşılıqlı səfərlərin  intensiv hal almasının zəruriliyini  qeyd  etdi.
Görüşdə   dostluq  qrupunun üzvləri Aydın Mirzəzadə, Bəxtiyar Əliyev, Mahir Aslanov, Şahin İsmayılov, Kəmaləddin Qafarov, Səudiyyə Ərəbistanı parlamentinin bir  qrup deputatı və digər  rəsmi şəxslər iştirak  edirdilər.
Söhbətdə qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barədə fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU