“AZƏRBAYCAN MILLI MƏCLISINƏ DƏSTƏK” ADLI TVINNINQ LAYIHƏSI UĞURLA BAŞA ÇATDI

XƏBƏRLƏR
21 dekabr 2011 | 09:12   
Paylaşın:        

Dekabrın 20-də  parlamentdə “Azərbaycan Milli Məclisinə dəstək” TVİNNİNQ layihəsinin yekun konfransı  keçirildi. 
Toplantını giriş sözü ilə açan Milli Məclis Aparatının və layihənin rəhbəri Səfa Mirzəyev ümumi hədəfləri Azərbaycanda demokratiyanın və qanunun aliliyinin möhkəmlənməsinə töhfə vermək olan layihə çərçivəsində  bir çox işlər görüldüyünü bildirdi. O, qeyd etdi ki,  2009-cu ilin sentyabr ayından həyata keçirilən layihə Avropa Komissiyası  tərəfindən  çox  yüksək  qiymətləndirilib, bu günə kimi həyata keçirilən  280 TVİNNİNQ layihəsi arasında  üç ən müvəffəq layihə sırasına daxil edilib və demokratiyanın  inkişafına aid ən öncül layihə hesab olunub. “Normatv hüquqi aktlar haqqında” qanun hazırlanaraq Milli Məclisdə qəbul olunub, “Şəhərsalma və Tikinti”, “Rəqabət” məcəllələri layihələri hazırlanıb, icra hakimiyyəti orqanları ilə səmərəli əməkdaşlıq qurulub.  Səfa Mirzəyev Azərbaycan tərəfindən  layihənin həyata keçirilməsi  üçün məqsəd seçilən  4 hədəfə - qanunvericiliyin yaxınlaşması prosesinə, icra hakimiyyəti orqanları ilə səmərəli əməkdaşlığa, qanunvericiliyin tənzimləyici təsirinin qiymətləndirilməsi üsullarının işlənməsinə, Avropa İttifaqı təsisatları, qanunvericilik prosesləri barədə biliklərin artırılması  məsələlərinə məharətlə nail olunduğunu vurğuladı. Qeyd  edildi ki, bu sahədə Azərbaycan şəraiti üçün münasib model müəyyənləşib, Azərbaycan dilində əhatəli portal yaradılıb və uğurla fəaliyyət göstərib.
Tədbirdə Litva Seymi Aparatı rəhbərinin müavini, layihənin Litva tərəfindən rəhbəri Qedeminas Aleksonis cıxış edərək bildirdi ki, iki ildən çox davam edən layihə çərçivəsində Azərbaycanın qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparıldı. O, qeyd etdi:   “Layihənin daha bir uğuru da Avropa parlamentarilərinin Azərbaycanı daha yaxından tanıması oldu. Bu müddət ərzində keçirilən 60-a yaxın  tədbirdə 7 Avropa ölkəsinin deputat və ekspertləri iştirak edib.”
Sonra konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti rəhbərinin səlahiyyətlərini icra edən Andrey Valentinov çıxış etdi. O da öz növbəsində  Avropa İttifaqı tərəfindən Azərbaycan üçün TVİNNİNQ layihəsinin uğurlu bir iş  kimi dəyərləndirildiyini vurğuladı. Qeyd olundu ki, layihə çərçivəsində Milli Məclis tərəfindən hazırlanan qanun layihələri  müasir tələblərə cavab verir. Eyni zamanda Azərbaycan bu layihədə iştirak edən Polşa, Litva kimi ölkələrin qanunvericilik təcrübəsindən uğurla  bəhrələnib. Andrey Valentinov layihə çərçivəsində Avropa Birliyinin  ölkəmiz üçün yüksək səviyyədə islahatlar gündəliyi hazırladığını bildirdi.
Konfransda qeyd  edildi ki, hazırda Avropa İttifaqının Azərbaycan nümayəndəliyi 21 TVİNNİNQ  layihəsi üzərində işləyir və onlardan 17-si artıq icraya başlayıb. 15 il əvvəl Azərbaycanla birlik arasında imzalanan tərəfdaşlıq sazişi bütün sahələrdə, o cümlədən vətəndaş cəmiyyətində  daha böyük müstəvidə  əməkdaşlığa start verəcək.
Toplantıda çıxış edən millət vəkilləri, parlament Aparatının əməkdaşları, layihənin ekspertləri, əlaqələndiriciləri 27 ay davam edən layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirdilər. Qeyd olundu ki, Milli Məclis, Litva Seymi və Avropa İttifaqı arasında  gələcəkdə də belə layihələrin birgə reallaşdırması arzuediləndir.
Tədbirin yekununda mətbuat konfransı keçirildi, layihə rəhbərləri  jurnalistləri maraqlandıran  suallara  aydınlıq gətirdilər.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU