Şamil Ayrım: “Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir”

XƏBƏRLƏR
18 fevral 2019 | 05:02   
Paylaşın:        
Fevralın 18-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdülər.
İşçi qrupun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirdi ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Diqqətə çatdırıldı ki, Milli Məclisin 125 deputatından 65-i Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Şamil Ayrım xüsusilə təhsil sahəsində əlaqələrin uğurlarından danışdı.
Enerji sahəsində əməkdaşlığa toxunan dostluq qrupunun rəhbəri “Star” neft emalı zavodunun önəmini qeyd etdi. Bildirdi ki, bu, Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır.
Söhbət zamanı tərəflər bundan sonar da parlamentlərarası əlaqələrin inkişafına hər zaman töhfələrini verməyə hazır olduqlarını bildirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU