MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
01 mart 2019 | 10:03   
Paylaşın:        
Fevralın 23-də “Xocalı” soyqırımının anım tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın “Srebrenitsa anaları” Cəmiyyətinin nümayəndə heyəti Milli Məclisdə deputatlarla görüşdü. 
Qonaqları salamlayan Milli Məclisin deputatı Bəxtiyar Əliyev onlara Dağlıq Qarabağ münaqişəsi və “Xocalı” soyqırımı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ermənistan hələ də BMT-nin 4 qətnaməsinə məhəl qoymur və Azərbaycan torpaqlarını işğal altında saxlayır. Məlumat verildi ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində bir gecədə 106-sı qadın, 62-si uşaq olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilmiş, xeyli insan əsir götürülmüş və işgəncələrə məruz qalmışdır. Hazırda dünyanın 10 ölkəsi və ABŞ-ın 20-dən çox ştatı “Xocalı” soyqırımının tanınması barədə qətnamə qəbul etmişdir. Lakin hələ bütün dünyada bu soyqırımının tanınmasına nail olmamışıq.
Söhbət zamanı Milli Məclisin deputatları Flora Qasımova və Bəxtiyar Əliyev “Xocalı” həqiqətləri barədə danışdılar. Bildirdilər ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünyada “Xocalı” soyqırımının tanıdılması istiqamətində işlər davam etdirilir.  
   “Srebrenitsa anaları” Cəmiyyətinin sədri Munira Subaşiç bildirdi ki, 1995-ci ildə biz də soyqırıma məruz qalmışıq. Ona görə də sizi yaxşı başa düşür və dərdinizə şərik oluruq. Qonaq məlumat verdi ki, Srebrenitsada da üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımın günahkarları cəzalandırılıb və dünya bu soyqırımı tanıyır. Avropa Birliyi 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis etmişdir. Həmin ərazidə böyük memorial kompleks inşa edilmişdir.
Qonaqlar “Xocalı” soyqırımının da bütün dünya tərəfindən tanınacağına inamlarını ifadə etdilər və bunun üçün köməklərini əsirgəməyəcəklərini diqqətə çatdırdılar.
Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU