PAOLO QRİMOLDİ: “AZƏRBAYCAN İTALİYA ÜÇÜN ÖNƏMLİ TƏRƏFDAŞDIR”

XƏBƏRLƏR
04 mart 2019 | 05:03   
Paylaşın:        

Martın 4-də Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan ATƏT PA-da İtaliya nümayəndə heyətinin üzvləri ilə görüşdülər.
Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bu iki nümayəndə heyətinin ATƏT çərçivəsindəki əməkdaşlıq əlaqələrindən məmnunluqla söz açdı. Bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü söylədi. İtaliyanın ATƏT PA-ya sədrliyi dövründə görülən işləri yada saldı. Hazırkı dövrdə iqtisadiyyat, hərbi-siyasi, insan hüquqları baxımından mövcud olan çağırışları qeyd edərək ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərin yalnız birgə səylər sayəsində aradan qaldırıla biləcəyini vurğuladı.
 Azərbaycan-İtaliya əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından dövlət rəsmilərinin qarşılıqlı səfərləri zaman imzalanmış sənədlərin əhəmiyyətindən söz açdı. Ölkəmizin təşəbbüsü ilə yaradılmış ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna 24-cü üzv olaraq qoşulan İtaliyanın təmsilçilərini təbrik etdi. Bu müstəvidə əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açıldığını bildirdi.
Görüşdə İtaliya Deputatlar Palatasında Xarici əlaqələr komissiyasının sədr müavini, ATƏT PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi vurğuladı ki, Azərbaycan İtaliya üçün önəmli tərəfdaşdır. Ölkələrimiz energetika və iqtisadiyyat sahələrində əməkdaşlıq edirlər. ATƏT bu əməkdaşlığı daha geniş çərçivədə həyata keçirmək üçün gözəl qurumdur. Biz ATƏT-də Azərbaycanın maraqlarını müdafiə etmək üçün əlimizdən gələni edirik.
Söhbət zamanı ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü, İpək Yoluna Dəstək Qrupunun rəhbəri Azay Quliyev, deputat Tahir Mirkişili fikirlərini bildirdilər. Əminlik ifadə olundu ki, hazırkı səfər daha məhsuldar əlaqələrin qurulmasına xidmət edəcək.
Görüşdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə, digər rəsmi şəxslər iştirak edirdilər.

 

  Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU