MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
04 mart 2019 | 05:03   
Paylaşın:        

Martın 4-də Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Paolo Qrimoldinin rəhbərlik etdiyi ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyəti ilə görüşdülər.
İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli qonaqları salamlayaraq, ölkələrimiz arasında münasibətlərin qədim tarixi olduğunu söylədi. Diqqətə çatdırıldı ki, 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda Demokratik Respublika elan edilib. Daha sonra 1991-ci ildə ölkəmiz öz dövlət müstəqilliyini bərpa edib. Hər dəfə İtaliya Azərbaycanla münasibətlər quran ilk ölkələr sırasında olub. 2017-ci ildə Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 25 illiyi qeyd olundu.
Bildirildi ki, iki dövlət arasında əlaqələr yüksək səviyyədədir. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı strateji əməkdaşlıq haqqında saziş imzalandı. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın  ölkəmizə səfəri baş tutdu. Həmin il Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya səfəri zamanı orada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə keçirilən  konfransda iştirak etdi. Eyni zamanda, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu İtaliya tarixi abidələrinin bərpasına böyük dəstək göstərir. Ötən il, həmçinin, İtaliya Senatının sədri Mariya Kasellati Azərbaycana rəsmi səfərə gəldi.
Qeyd edildi ki, dövlətlərarası münasibətlərin inkişafında parlamentlər xüsusi rol oynayır. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız həm dostluq qrupları çərçivəsində, həm də müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq edirlər. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.
Azər Kərimli vurğuladı ki, Azərbaycan nəinki regionda, bütün dünyada dinamik inkişaf edən ölkələrdən biridir. Lakin bizim Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemimiz var. Münaqişə nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilib. Azərbaycan problemin sülh yolu ilə həllinə çalışır. Ermənistan isə tamam fərqli mövqe  nümayiş etdirərək, beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlarına riayət etmir, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.
Təqdirəlayiq haldır ki, 2010-cu ildə İtaliya Senatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi əks olunan qətnamə qəbul edilib. Həmçinin, İtaliya parlamentinin Xarici əlaqələr komitəsində də eyni məzmunlu sənəd qəbul olunub.
ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi səmimi qəbul üçün minnətdarlığını ifadə etdi. Ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını dedi. O, Şəhidlər Xiyabanını ziyarət edərkən, baş verən hadisələr barədə aldığı məlumatlardan çox təsirləndiyini söylədi.
Qonaq İtaliyanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu səfərin parlamentlər arasında əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyini söylədi. Nümayəndə heyətlərinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti barədə danışdı. İqtisadi, elm mədəni,  humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını dedi.
Paolo Qrimoldi Azərbaycanda bütün sahələrdə müşahidə olunan dinamik inkişaf, o cümlədən paytaxt Bakının görkəminin daha da gözəlləşdiyi, müasirləşdiyi barədə xoş təəssüratlarını bölüşdü. Ölkəmizin qısa müddət ərzində qazandığı uğurları təqdir etdi.
Görüşdə deputatlar Dilarə Cəbrayılova, Elşad Həsənov, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU