XALİD ƏL-UTEYBİ: “KÜVEYT DÖVLƏTİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏ HƏR ZAMAN AZƏRBAYCANIN MÖVQEYİNİ DƏSTƏKLƏYİB”

XƏBƏRLƏR
12 mart 2019 | 05:03   
Paylaşın:        

Martın 12-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xalid Əl-Uteybinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
 I vitse-spiker bildirdi ki, Azərbaycan dövləti Küveytlə əlaqələrin inkişafına çox əhəmiyyət verir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız, parlamentlərarası əlaqələrimiz yaxşı inkişaf edir, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Ölkələrimiz arasında siyasi münasibətlər, mədəni əlaqələr yüksək səviyyədədir. İqtisadi, ticari əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Regionun ən inkişaf etmiş dövləti olan Azərbaycanda turizm sahəsi də durmadan genişlənir.
 Küveytlə Azərbaycan arasında çoxşaxəli əlaqələrdən razılıqla söz açan nümayəndə heyətinin başçısı Xalid Əl-Uteybi dedi ki, ağır günlərdə ölkəmizə dost dəstəyi nümayiş etdirən Azərbaycana minnətdarıq.  Dağlıq Qarabağ məsələsində Küveyt Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Qeyd etdi ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıyıq, Küveytdə Azərbaycana sərmayə yatırmaq istəyən çoxlu investor var. Sadələşdirilmiş viza rejiminin tətbiqi yaxın gələcəkdə Azərbaycanı inkişaf etmiş turizm ölkəsinə çevirəcək.
Görüşdə son illər Azərbaycanın çox inkişaf etdiyini vurğulayan Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Məhəmməd Əl-Muteyri ölkəmizə dəfələrlə, həm də turist kimi gəldiyini bildirdi. Dedi ki, soydaşlarımız Azərbaycanda iş qurmağa, iqtisadi-ticari əlaqələrlə yanaşı turizm əlaqələrinin də genişləndirilməsinə böyük maraq göstərir. Vurğuladı ki, Dağlıq Qarabağ məsələsində Küveyt hər zaman Azərbaycanın yanındadır.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına toxunan Ziyafət Əsgərov beynəlxalq qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Küveyt dövlətinə minnətdarlıq bildirdi. Küveyt Millət Məclisinin Xocalı soyqırımını tanımasını arzu etdiyimizi nəzərə çatdırdı. Bu barədə İslam Əməkdaşlıq Təşkilatının tövsiyəsi olduğunu yada saldı. 
Qanunvericiliklə bağlı qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirən Milli Məclis Sədrinin birinci müavini Azad İqtisadi Zona haqqında qanun qəbul etdiyimizi diqqətə çatdırdı. Sahibkarlar və investorlar üçün hər cür şəraitin yaradıldığını bildirdi.
Görüşdə Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi iştirak edirdi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU