MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
05 iyul 2012 | 06:07   
Paylaşın:        

İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri, NATO Parlament Assambleyasında  nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov qurumun Baş  Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşdü.
Görüşdə Ziyafət Əsgərov Azərbaycan-NATO münasibətlərinin dinamik inkişaf etdiyini söylədi. Bildirildi ki, ölkəmiz qurumla Sülh Naminə Əməkdaşlıq və Fərdi Tərəfdaşlıq proqramları çərçivəsində əməkdaşlıq edir, terrorizmə qarşı mübarizədə Alyansa dəstək verir. Azərbaycan sülhməramlıları Əfqanıstanda uğurla xidmət aparırlar.  Ölkəmiz Avropanın  enerji təhlükəsizliyində mühüm rol oynayır.
Söhbətdə Milli Məclis Sədrinin birinci müavini  Ziyafət Əsgərov Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ problemi, bir milyondan çox azərbaycanlının pozulmuş hüquqlarından danışaraq NATO-nu bu məsələdə ədalətli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsində fəal olmağa çağırdı.
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay qurumla ölkəmizin münasibətlərini yüksək qiymətləndirərək, bundan sonra əməkdaşlığın daha da  inkişaf edəcəyinə ümüdvar olduğunu bildirdi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə ölkəmizin NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim və digər rəsmi şəxslər iştirak edirdilər.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU