AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

XƏBƏRLƏR
05 aprel 2019 | 04:04   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 7-dən 14-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə və Sabir Hacıyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri, BMT-nin “2030-cu il davamlı inkişaf” proqramı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının demokratiya, qanun və fundamental hüquqlar üzrə formalaşdırılması,  
Siyasi liderlərin rolları və cavabdehlikləri, Assambleyanın prosedur qaydalarının dəyişdirilməsi, Mərakeş parlamenti ilə demokratiya çərçivəsində əməkdaşlıq, Cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlar, Sosial media: ictimai mövzular və insan hüquqları üçün təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. 
Sessiya çərçivəsində aprelin 9-da AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir də keçiriləcəkdir.
Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.  

Milli Məclisin 
Mətbuat xidməti 




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU