MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
06 aprel 2019 | 02:04   
Paylaşın:        
Aprelin 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ukrayna, Polşa və Qazaxıstanda sabiq fövqəladə və səlahiyyətli səfiri Zhou Xiaopinin başçılıq etdiyi Çin nümayəndə heyəti ilə görüşdü.
Qonaqları səmimi salamlayan Ziyad Səmədzadə bildirdi ki, Çin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir. Şərq və Qərb arasında körpü rolu oynayan Azərbaycanla Çinin münasibətləri qədim tarixi köklərə əsaslanır. Böyük İpək Yolu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Qeyd olundu ki, Azərbaycan Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və inanır ki, bu layihə bütün dünya iqtisadiyyatının inkişafına kömək edəcəkdir.
Komitə sədri bildirdi ki, Azərbaycanda Ələt azad iqtisadi zonası haqda qanun qəbul edilmiş, bununla bağlı böyük yükdaşıma qabiliyyətinə malik olan liman inşa edilmişdir. Bütün bu proqramlar Azərbaycanla Çin arasında münasibətlərin yaxın gələcəkdə daha da inkişaf edəcəyinə əminlik yaradır.
Ziyad Səmədzadə qonaqlara Çinin davamlı iqtisadi inkişaf modeli və bu ölkənin iqtisadi inkişaf təcrübəsinə həsr olunmuş əsərləri barədə məlumat verdi və kitabları qonaqlara təqdim etdi.
Söhbət zamanı iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının digər aspektləri ətrafında fikir mübadiləsi aparıldı, qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirildi.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU