DEPUTATLARIMIZ ALMANİYADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
02 may 2019 | 05:05   
Paylaşın:        

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Almaniyanın Laynsvayler şəhərində keçiriləcək seminarda iştirak etmək üçün mayın 3-də bu ölkəyə səfərə gedəcəklər.
"İqtisadiyyat – münaqişə mənbəyi, və ya münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı dövrdə reabilitasiyanın həyata keçirilməsi üçün alət – Avropa tarixindən öyrənilmiş dərslər” mövzusuna həsr edilmiş tədbirdə ATƏT regionunda, o cümlədən Avrasiyada davam edən münaqişələrin həlli istiqamətində ATƏT-in fəaliyyətinin rolu, nəqliyyat, qaz və neft layihələrinin dövlətlərarası əlaqələrə təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.
 “Avrasiya məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlər: Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında ATƏT-in iqtisadi və ekoloji ölçülərinin yeni vəzifəsi və oynadığı rol” mövzusuna həsr edilmiş 3-cü sessiyaya Azay Quliyev sədrlik edəcək.
Bununla yanaşı deputatımız “Qafqaz və Mərkəzi Asiyada nəqliyyat dəhlizləri, o cümlədən Yeni İpək Yolu layihəsi” mövzusuna həsr edilmiş 5-ci sessiyada  məruzə ilə çıxış edəcək.
 Səfər çərçivəsində Azay Quliyev 6-8 may tarixində Berlində Almaniya Parlamentinin deputatları və rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirəcək.
Səfər mayın 8-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU