Zviad DZİDZİQURİ: “SİZİN ÇOX GÜCLÜ PREZİDENTİNİZ VAR. O, ÇOX GÜCLÜ LİDERDİR.”

XƏBƏRLƏR
08 may 2019 | 03:05   
Paylaşın:        

Mayın 8-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstan parlamentinin ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşdülər. Nümayəndə heyətinə Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziquri başçılıq edirdi.
Görüşdə ölkələrimiz arasındakı münasibətlərdən söz açan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Əflatun Amaşov müstəqillik dövründə əlaqələrimizin müsbət məcrada inkişaf etdiyini söylədi. Azərbaycanla Gürcüstanın dövlət rəsmiləri və parlamentarilər arasında intensivləşən görüşlərin, qarşılıqlı səfərlərin müsbət nəticələr verdiyini bildirdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Bölgədə həyata keçirilən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi bir sıra qlobal layihələrin regionun inkişafına böyük töhfələr verdiyini qeyd etdi. Çoxşaxəli əməkdaşlığın möhkəmlənməsində parlamentlərarası əlaqələrin mühüm rol oynadığını dedi.
Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri ölkəmizlə əlaqələrin daha sıx və möhkəm olmasını arzuladıqlarını bildirdi. Ticarət, turizm, sənaye və digər sahələrdə əməkdaşlığı hər zaman dəstəklədiklərini qeyd etdi. Azərbaycanın qazandığı nailiyyətlərdə dövlət başçısının xüsusi rolu olduğunu bildirdi. Vurğuladı ki, sizin çox güclü Prezidentiniz var. O, çox güclü liderdir.
Görüşdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Rasim Musabəyov, Flora Qasımova  çıxış edərək gürcü həmkarlarının diqqətini bir sıra vacib məsələlərə yönəltdilər. Qarabağ müharibəsində qətllər törətmiş erməni terrorçu, separatçı Mixail Avakyana Gürcüstanda qoyulmuş abidə ilə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını Gürcüstan deputatlarının diqqətinə çatdırdılar.
Görüşdə aparılan fikir mübadiləsində Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə toxunuldu. 

 
Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU