İSPANİYANIN AZƏRBAYCANA MARAĞI BÖYÜKDÜR

XƏBƏRLƏR
10 iyul 2012 | 04:07   
Paylaşın:        

İyulun 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İspaniya nümayəndə heyəti ilə görüşdü. O, öncə İspaniya milli futbol komandasının Avropa çempionatında qalib olması münasibətilə qonaqları təbrik etdi.
Görüşdə Ziyafət Əsgərov bildirdi ki, ölkələrimiz arasında əlaqələrin inkişafı dövlət maraqlarımıza xidmət edir. İnanırıq ki, nümayəndə heyətinin bu səfəri həmin əlaqələrə təkan verəcək. Avropa Birliyi və Avropa Şurası ilə münasibətlər baxımından da İspaniya ilə əməkdaşlıq olduqca vacibdir. Həm siyasi, həm iqtisadi əməkdaşlıq üçün böyük potensialımız olduğunu vurğulayan birinci vitse-spiker İspaniyada Azərbaycan səfirliyinin açılması vacibliyini də qeyd etdi.
Qonaqların nəzərinə çatdırıldı ki, Milli Məclisdə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ölkəmizdə  parlament demokratiyasına böyük önəm verilir.
İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin dövlət katibi Qonzalo de Benito Sekades Bakıda keçirdikləri görüşlərdən söz açdı. İspaniya parlamentinin Azərbaycan parlamenti ilə əməkdaşlığı vacib saydığını bildirdi. Məlumat verdi ki, orada da müvafiq dostluq qrupu fəaliyyət göstərir. Qanunverici orqanların bundan sonra daha sıx əlaqələr qurmasının çox faydalı olacağını dedi.
Nümayəndə heyətinin başçısı ölkəsində Azərbaycana böyük marağın olduğunu, bizimlə siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiklərini bildirdi. Azərbaycanın neft-qaz sahəsində çox güclü olduğunu vurğuladı, həmin təcrübədən bəhrələnmək istədiklərini söylədi. Cənab Qonzalo Azərbaycanda, həmçinin ümumiyyətlə bu regionda səfirlik açmaq niyyətində olduqlarını açıqladı. 
Söhbətdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU