Fransisko Arroyo Vieyra: “AZƏRBAYCAN ÇOX SÜRƏTLƏ İNKİŞAF EDİR”

XƏBƏRLƏR
11 iyul 2012 | 05:07   
Paylaşın:        

İyulun 11-də Milli Məclisin bir qrup deputatı Meksika Senatının sədr müavini Fransisko Arroyo Vieyranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Ülvi Quliyev qonaqları mehribanlıqla salamladı. Milli Məclisin strukturu və tərkibi, parlamentdə təmsil olunan siyasi partiyalar, qadın deputatlar barədə məlumat verdi. Bildirdi ki, başçılıq etdiyi işçi qrup 2005-ci ildən fəaliyyət göstərir.
İki dövlət arasında siyasi dialoqun vacibliyini vurğulayan Ülvi Quliyev qeyd etdi ki, Azərbaycanın dostlarının səfəri xalqlarımız və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verir. O, ölkəmizin müstəqillik tarixi, regionda həyata keçirdiyi qlobal layihələr barədə danışdı. Müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci ildə Azərbaycanda qadınlara seçki hüququnun verildiyini bildirdi.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin dərinləşməsində səfirliklərin rolu yüksək dəyərləndirildi. Qeyd edildi ki,  əməkdaşlığın genişlənməsində səfərlərin intensivləşməsi – siyasətçilərin, deputatların və biznes təmsilçilərinin görüşləri mühüm əhəmiyyət daşıyır.
Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri onu da nəzərə çatdırdı ki, regionun ən böyük münaqişəsi olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdarıq. Dağlıq Qarabağla əlaqədar ötən ilin noyabr və dekabr aylarında Meksika Senatında və Deputatlar Palatasında qəbul edilmiş qətnamələrə görə Azərbaycan ictimaiyyəti adından dərin təşəkkür etdi, beynəlxalq qurumlarda ölkəmizi dəstəklədiklərinə görə minnətdarlığını çatdırdı.
Görüş zamanı nümayəndə heyətinin başçısı,  Meksika Senatının sədr müavini Fransisko Arroyo Vieyra təmsil etdiyi qurum barədə danışdı.  Bildirdi ki, Meksikada qadınlara seçki hüququ  1953-cü ildə verilib. Amma hazırda parlamentdə təmsil olunan partiyaların 50-60 faizi qadınlardan ibarət olduğuna görə, iki palatalı Meksika parlamentində qadınların rolu böyükdür.
Azərbaycana səfərdən məmnunluqlarını ifadə edən Fransisko Arroyo Vieyra dedi ki, müstəqilliyini yeni qazanmış gənc ölkə olmasına baxmayaraq, Azərbaycan çox sürətlə inkişaf edir və beynəlxalq aləmə inteqrasiya olunur. O vurğuladı ki, ölkələrimiz arasında bir çox sahələrdə təcrübə mübadiləsinin aparılması hər iki tərəf üçün faydalı olar.
Görüşdə senator Karlos Navarrete Ruiz, deputatlar Rasim Musabəyov, Sevinc Fətəliyeva və Ceyhun Osmanlı  fikirlərini bölüşdülər.

 

 Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU