ABŞ KONQRESİNİN ƏMƏKDAŞLARI MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
30 may 2019 | 04:05   
Paylaşın:        

Mayın 30-da Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə ABŞ Konqresinin ölkəmizdə səfərdə olan əməkdaşlarının görüşü oldu. Görüşdə Endryu Hudson, Devin Viser, Karson Middlton, Ryan Etington, Sara Miller, Sara Matar, Kennet Depyu, Jess von Stein iştirak edirdilər. Qonaqlar öncə parlamentin binası ilə tanış oldular, iclas salonunda Milli Məclisin plenar iclasının gedişini izlədilər.
Görüşdə ABŞ nümayəndə heyətini Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov salamladı. Qonaqlara Azərbaycan parlamentinin strukturu və tərkibi barədə məlumat verdi.
Söhbət zamanı öncə Azərbaycanda təhlükəsizlik məsələləri və Avroliqanın dünən Bakıda keçirilən final oyunu diqqət mərkəzində  oldu. Yarışın yüksək səviyyədə təşkil edildiyi vurğulandı. Dilindən, dinindən, siyasi baxışlarından asılı olmayaraq ölkəmizə gələn istənilən turistin burada azad və rahat surətdə gəzib-dolandığı qeyd edildi. “Arsenal”ın futbolçusu H.Mxitaryanla bağlı ermənilərin apardığı çirkin təbliğatın puça çıxdığı bildirildi. ABŞ Konqresi əməkdaşlarının nəzərinə çatdırıldı ki,  ermənilər idmanı da siyasi alətə çevirməyə çalışırlar.
Qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışan  deputatlar Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Nəsib Məhəməliyev vurğuladılar ki, Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal etmiş olan Ermənistan həmin ərazilərdə etnik təmizləmə aparıb. Son 30 ildə işğalçılıq siyasəti yürüdən və soydaşlarımıza qarşı amansız cinayətlər törədən Ermənistan rəhbərliyi Azərbaycan torpaqlarını qaytarmaq niyyətində deyil. Ona görə də, münaqişənin sülh yolu ilə həllinə imkan vermir, status-kvonu saxlamağa çalışır.
Bu münaqişənin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin de-fakto təmin olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın dəstəyinə ciddi ehtiyac var.
 Görüş zamanı Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı qonaqları maraqlandıran suallara cavab verdilər.

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU