MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

XƏBƏRLƏR
22 dekabr 2011 | 03:12   
Paylaşın:        

Dekabrın 21-də  Milli Məclisdə  ölkəmizdə  səfərdə olan  Avropa Parlamentinin deputatı, Fransa parlamentinin üzvü, Parisin 7-ci rayonunun meri Rəşidə Datinin mətbuat nümayəndələri ilə görüşü oldu.  Parlamentin Mətbuat katibi Akif Təvəkküloğlu tədbiri açaraq, xanım Datinin  keçirdiyi görüşlər  və iştirak etdiyi  tədbirlərin  təəssüratlarını bölüşmək üçün mətbuat nümayəndələri ilə görüşmək istəyini dəyərləndirdiklərinə görə  jurnalistlərə  təşəkkürünü bildirdi. 
Rəşidə Dati  mətbuat nümayəndələri ilə görüşmə fürsətinə görə minnətdarlığını ifadə etdi. Ölkəmizə  Milli Məclisin deputatı, YAP İcra  katibinin müavini Əli Əhmədovun dəvəti ilə, Bakıda keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda  konfransda iştirak etmək məqsədi ilə gəldiyini vurğuladı.  Qonaq  qeyd  etdi ki Azərbaycana ikinci  dəfədir  səfər  edir. O, bu dəfəki səfəri  zamanı Bakının daha da  gözəlləşdiyindən, hər yerdə irimiqyaslı quruculuq  işlərinin getdiyindən məmnunluğunu bildirdi.
Xanım Dati qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı  üçün vacib tərəfdaşdır.  Bu məsələdə enerji sahəsi böyük bir çəkiyə malikdir.  Birlik  əməkdaşlığın daha da  dərinləşməsinə maraq göstərir. O, vurğuladı ki,   Azərbaycan dünyada  təkcə neft, qaz sərvətləri ilə zəngin olan bir ölkə kimi deyil, çox  qədim tarixi kökləri və mədəni ənənələri olan bir ölkə kimi tanınır. Çünki, bu ölkə müasir, sivil, güclü dövlət olmaqla yanaşı özünəməxsusluğunu da qoruyub saxlaya bilib. Ölkəmizin regionda  xüsusi  çəkisi olduğunu diqqətə çatdıran Rəşidə Dati Fransada Azərbaycanın iştirakı ilə keçirilən irimiqyaslı tədbirlərdən söz  açdı.
 Sonra o,  Fransa  parlamentində müzakirəyə çıxarılacaq “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi barədə danışdı. Qonaq bildirdi: “Hazırda Fransada bununla bağlı qızğın müzakirələr gedir. Biz də bilirik ki, türk dostlarımız parlamentdə müzakirəyə çıxarılacaq bu qanun layihəsindən çox narahatdırlar. Əslində bu, məni  də narahat edir. Tarixlə, yaddaşla bağlı hansısa bir məsələni qəbul etməyən insana qarşı cəza tədbirlərinin görülməsinin tərəfdarı deyiləm. İstər ermənilərə münasibətdə olsun, istərsə də digər xalqlara. Hesab edirəm ki, bütün məsələlər ətrafında müzakirələr insanların cəzalandırılmasına deyil, yaxınlaşmasına xidmət etməlidir”. O, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən qeyd  etdi ki, münaqişə sülh yolu ilə həll olunmalıdır: “İstənilən halda mən Azərbaycanın bu məsələdə tutduğu mövqeyi dəstəkləyirəm”.
Sonra Rəşidə Dati jurnalistləri maraqlandıran bəzi suallara aydınlıq  gətirdi.

 

Milli Məclisin
 Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU