Sofio KATSARAVA: “BİZ BÜTÜN MƏSƏLƏLƏRİ DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ ŞƏRAİTİNDƏ HƏLL ETMƏYƏ QADİRİK.”

XƏBƏRLƏR
15 iyul 2019 | 03:07   
Paylaşın:        

İyulun 15-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdülər. Nümayəndə heyətinə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava başçılıq edirdi.
Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov münasibətlərimizin bütün sahələrdə yüksək səviyyədə qurulduğunu qeyd etdi, müstəqillik dövründə dostluq və əməkdaşlıq əlaqələrimizin uğurla davam və inkişaf etdiyini vurğuladı.
Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri parlamentlərarası əlaqələrin daha intensiv xarakter daşıdığını bildirdi.  Ölkələrimiz arasında əməkdaşlığın durmadan genişləndiyini qeyd etdi. Vurğuladı ki, biz Azərbaycanla dostluğun qədrini-qiymətini yaxşı bilirik.
 Nümayəndə heyətinin başçısı, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava Azərbaycana bu ilk rəsmi səfərinin davamlı olacağına ümid ifadə etdi. Həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə deputatlarımızın çox səmərəli əməkdaşlıq etdiyini bildirdi. Minnətdarlıqla qeyd etdi ki, biz bütün məsələlərdə Azərbaycanın dəstəyini hiss edirik və qiymətləndiririk. Vurğuladı ki, Gürcüstanla Azərbaycan bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirdir.
Söhbət zamanı deputatlar Hikmət Babaoğlu, Rasim Musabəyov, Ramaz Nikolaişvili qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirlərini bölüşdülər.
 


Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU