MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
31 iyul 2019 | 04:07   
Paylaşın:        

İyulun 31-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov İndoneziya Respublikası Nümayəndələr Palatasının sədr müavini Fadlı Zonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Parlamentin birinci vitse-spikeri qonaqları salamlayaraq bildirdi ki,  Azərbaycan və İndoneziya dost ölkələrdir. Biz münasibətlərin dərinləşməsinə böyük önəm veririk. Təqdirəlayiq haldır ki, ötən il Azərbaycan Parlamentinin 100 illik yubiley tədbirlərində İndoneziya ən böyük sayda nümayəndə heyəti ilə iştirak etdi. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək səviyyədə əlaqələr mövcuddur. Bütün sahələrdə əməkdaşlıq üçün geniş potensial imkanlar var.  Biz iqtisadi, ticari, turizm, sənaye sahələrində əlaqələrimizin inkişaf etdirilməsində maraqlıyıq.
Milli Məclisin Sədri Oqtay Əsədovun 2012-ci ildə İndoneziyaya rəsmi  səfərini xüsusi vurğulayan Ziyafət Əsgərov belə yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini bildirdi.
Parlament Sədrinin birinci müavini söylədi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qlobal layihələrə imza atıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, Avropa ilə Asiyanı birləşdirən dəmiryolu xətti bunun bariz nümunəsidir. Ölkənin bir sıra şəhərlərində sənaye parkları fəaliyyət göstərir, gələcəkdə azad iqtisadi zonanın yaradılması istiqamətində işlər görülür.
İndoneziya Respublikası Nümayəndələr Palatasının sədr müavini Fadlı Zon səmimi qəbul üçün minnətdarlığını söylədi. O, qeyd etdi  ki,  İndoneziya Azərbaycanla həyatın bütün sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu baxımdan parlamentlərarası münasibətlərimizin daha da dərinləşməsi çox vacibdir. Bildirildi ki, İndoneziya parlamentində 560 deputat təmsil olunub. Burada Azərbaycan Milli Məclisi ilə əməkdaşlığa böyük önəm verilir. Dostluq qrupları səviyyəsində vaxtaşırı səfərlər təşkil olunur. Cari ilin sentyabr ayında İndoneziyanın Bali adasında dünya parlamentlərinin forumunun keçiriləcəyini diqqətə çatdıran qonaq Azərbaycan parlament nümayəndə heyətinin bu toplantıda iştirak edəcəyinə inamını ifadə etdi.
Bildirildi ki, iqtisadi sahədə əlaqələrimiz dinamik inkişaf edir. Bu gün İndoneziya Azərbaycandan neft idxal edir. Siyasi, mədəni, humanitar, turizm sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Söhbət zamanı Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi. Bildirildi ki, 30 ilə yaxındır Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamələr qəbul olunub. Lakin bu qətnamələrə bugünə qədər əməl olunmur. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatında dəfələrlə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti pislənib, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək verilib.  İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə əlaqədar qəbul etdiyi qərardan bəhs edən Ziyafət Əsgərov bu günədək dünyanın 30-a yaxın parlamentlərində Ermənistanın Xocalıda törətdiyi əməllərin soyqırım kimi tanınması barədə sənədlərin qəbul edildiyini söylədi. Qeyd olundu ki, biz İndoneziya parlamentində də bu məsələyə münasibət  bildirilməsini istərdik.
İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fadlı Zon ölkəsinin daim işğala qarşı olduğunu dedi. O, parlament diplomatiyası yolu ilə bu məsələdə Azərbaycana dəstək verəcəklərinə  əminliyini söylədi.
Görüşdə Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU