Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sədr müavini Milli Məclisdə oldu

XƏBƏRLƏR
06 sentyabr 2019 | 05:09   
Paylaşın:        

Sentyabrın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) sədr müavini, Pakistan Parlamentinin beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Müşahid Hüseyn Seyid ilə görüşü keçirildi.
Komitə sədri qonağı salamlayaraq bildirdi ki, Azərbaycan Asiya ölkələri ilə münasibətlərə xüsusi önəm verir. Qonağın təmsil etdiyi Pakistanla əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Bu ölkənin nümayəndə heyətləri mütəmadi olaraq Azərbaycana səfər edirlər. Qeyd edildi ki,  Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə yaxından əməkdaşlıq edir. Biz təşkilatın fəaliyyətini dəstəkləyirik.
Səməd Seyidov Milli Məclisin və sədrlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verdi. Parlament diplomatiyası və parlament ənənələrinin formalaşması baxımından ölkədə əhəmiyyətli işlərin görüldüyünü dedi.  Müxtəlif ölkələrlə, o cümlədən Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının mövcud olduğunu söylədi.
Söhbət zamanı ölkəmizin müstəqillik illərində dinamik inkişafı, dünya dövlətləri, həmçinin Pakistanla əlaqələrin genişləndirilməsi barədə söhbət açıldı. Qeyd edildi ki, biz region dövlətləri ilə münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq əsasında həyata keçiririk.
Qonaq səmimi görüşə görə təşəkkürünü ifadə etdi. Təmsil etdiyi təşkilatın YAP-ın fəaliyyətini yüksək dəyərləndirdiyi söylədi. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətlərinin Pakistana səfərlərini yüksək qiymətləndirdi. Parlamentlərarası əlaqələrin genişləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU