MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
11 sentyabr 2012 | 03:09   
Paylaşın:        

Sentyabrın 11-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət heyət ilə görüşdülər.
 Görüşdə iştirak edən Milli Məclis sədrinin müavini, parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova qonaqları Azərbaycanın demokratik inkişafı, siyasi sistemi, beynəlxalq əlaqələri haqqında məlumatlandırdı. Ölkə parlamentinin tarixi, tərkibi, qanunvericilik fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verildi. Bildirildi ki, Milli Məclisdə on bir siyasi partiya təmsil olunur. Bahr Muradova müstəqilliyimiz dövründə dövlətimizin bütün demokratik təşkilatlar, o cümlədən ATƏT ilə əməkdaşlığa böyük önəm verdiyini vurğuladı. Qurumla əlaqələrimizin bütün sahələrdə inkişaf etdiyi diqqətə çatdırıldı.
Sonra Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçiləri çıxış edərək, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini söylədilər.  İclasda iştirak edən Ümüd partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Rifah partiyasının sədri Xanhüseyn Kazımlı, Böyük Quruluş partiyasının sədri Fazil Mustafa, Vətəndaş Həmrəyliyi partiyasının sədr müavini Fəzail İbrahimli, Ana Vətən partiyasının sədr müavini Zahid Oruc bu problemin həlli ilə birbaşa məşğul olan ATƏT-in məsələyə ikili standartlardan yanaşmasından narahat olduqlarını bildirdilər. Qeyd olundu ki, Azərbaycan torpaqlarını 20 ildən çoxdur işğal altında saxlayan Ermənistanın hələ də təcavüzkar adlandırılmaması, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının məlum qərar və qətnamələrinin hələ də kağız üzərində qalması çox böyük təəssüf doğurur.
İrlandiyadan olan səfir Eoin O’Leri görüşə görə minnətdarlıq bildirərək, fəaliyyət gösdərdiyi qurumun ölkəmizlə əlaqələrə önəm verdiyini vurğuladı. Qonaq ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət bu heyətin artıq  Ermənistanda da olmasını nəzərə çatdıraraq, səfərin məqsədinin Cənubi Qafqaz ölkələri ilə yaxından tanış olmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat toplamaq və problemin həlli yollarını müzakirə etmək olduğunu söylədi.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU