AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

XƏBƏRLƏR
27 sentyabr 2019 | 04:09   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-dan oktyabrın 7-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elşad Həsənov daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, Terror qurbanlarının qorunması və dəstəklənməsi, Şimali Makedoniya ilə post monitorinq dialoqu, Moldovada demokratik institutlar, Yəhudi mədəni irsinin qorunub saxlanması və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. 
Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbirlər də keçiriləcəkdir. 
Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.  

Milli Məclisin 
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU