AQRAR SİYASƏT KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
03 oktyabr 2019 | 04:10   
Paylaşın:        
Oktyabrın 3-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşdü.
Eldar İbrahimov qonaqlara Milli Məclisin strukturu, Aqrar siyasət komitəsinin gördüyü işlər, aqrar sahədə qəbul edilmiş qanunlar barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Hazırda komitədə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi üzərində iş aparılır. Ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalı qadağan edilib. Azərbaycanda yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir.
Komitə sədri diqqətə çatdırdı ki, Prezident İlham Əliyev kənd təsərrüfatına xüsusi qayğı ilə yanaşır və hər il kənd təsərrüfatının inkişafına ayrılan dövlət vəsaitinin artırılması bunun bariz nümunəsidir. Kənd təsərrüfatının inkişafı məqsədilə onun müxtəlif sahələrinə dövlət tərəfindən subsidiyalar ayrılır. Sumqayıtda tikilmiş karbamid zavodunun istehsal etdiyi gübrə nəinki ölkəmizi təmin edir, həm də xarici ölkələrə satılır. Hazırda kənd təsərrüfatı vergilərdən azaddır. Yalnız cüzi olaraq torpaq vergisi alınır. Bu da ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının ilbəil artmasına səbəb olur.
Səmimi görüş üçün təşəkkürünü bildirən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver bildirdi ki, Azərbaycanın neft və qaz sahəsindən sonra kənd təsərrüfatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyması sevindirici haldır. Azərbaycan zəngin təbii ehtiyatlarına arxalanaraq öz vətəndaşlarını təmin etmək resurslarına malik ölkədir. Qonaq Azərbaycanda gənclərin kənd təsərrüfatı ilə məşğul olmağa həvəsləndirilməsi üçün görülən işləri yüksək qiymətləndirdi.
Söhbət zamanı tərəfləri maraqlandıran suallara aydınlıq gətirildi.
Görüşdə Milli Məclisin deputatları Tahir Süleymanov, Mahir Aslanov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Elçin Quliyev və Eldəniz Səlimov iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU