MİLLİ MƏCLİSDƏ TÜRK İŞ ADAMLARI İLƏ GÖRÜŞ

XƏBƏRLƏR
15 oktyabr 2019 | 04:10   
Paylaşın:        
Oktyabrın 15-də ölkəmizdə səfərdə olan Dünya Türk İş Şurasının nümayəndə heyəti Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşdü. 
Qonaqları salamlayan komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, türk dünyasının siyasi və iqtisadi qüdrətinin günbəgün artması qürur doğurur. Türkiyədə azərbaycanlı iş adamları, Azərbaycanda isə türk iş adamları uğurla fəaliyyət göstərirlər. Artıq Türkiyə və Azərbaycan iş adamları birlikdə üçüncü dövlətlərdə iş qurur, taleyüklü məsələlərdə bir-birilərini müdafiə edirlər. Prezident İlham Əliyevin də dediyi kimi “Bir millətin iki diasporası olmaz” fikri həyatda öz təsdiqini tapmaqdadır. 
Millət vəkilləri də çalışırlar ki, qanunvericilik sahəsində iş adamları üçün heç bir problem olmasın, onlar rahatlıqla fəaliyyət göstərə bilsinlər.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Dünya Türk İş Şurasının nümayəndə heyətinin rəhbəri Halim Mete türk dünyasının böyük iqtisadi potensiala malik olduğunu və Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini diqqətə çatdırdı.
Qeyd olundu ki, türk vətəndaşları üçün viza rejiminin ləğv olunması ikitərəfli əməkdaşlığın daha da inkişafına böyük töhfədir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatları Vahid Əhmədov, Əli Məsimli, Şəmsəddin Hacıyev, Aydın Hüseynov, Tahir Mirkişili, Rüfət Quliyev, Mahir Abbaszadə və digər şəxslər iştirak edirdilər.

Milli Məclisin 
Mətbuat xidməti      


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU