MİLLİ MƏCLİSDƏ “QARABAĞ AZƏRBAYCANDIR, NİDA İŞARƏSİ!” MÖVZUSU ƏTRAFINDA DINLƏMƏLƏR KEÇİRİLDİ

XƏBƏRLƏR
15 oktyabr 2019 | 02:10   
Paylaşın:        

Oktyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Qarabağ Azərbaycandır, nida işarəsi!” mövzusu ətrafında dinləmələr keçirildi.
Komitənin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tədbirin keçirilməsində göstərilən dəstəyə görə Milli Məclisin Sədri Oqtay Əsədova öz təşəkkürünü bildirdi. O, çıxışında vurğuladı ki, Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının Soçidə keçirilən  plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışı ilə Dağlıq Qarabağ məsələsinə öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Qeyd olundu ki, bu mövqe, hər bir azərbaycanlının mövqeyidir. Mötəbər tribunalardan dövlət başçımızın düşmənin işğalçılıq, terrorizmlə bağlı siyasətini kəskin tənqid etdiyi cəsarətli çıxışları ilə hər bir azərbaycanlı qürur duyur.
İclasda iştirak  edən Dağlıq Qarabağ üzrə Azərbaycan icmasının sədri Tural Gəncəliyev çıxış edərək Prezident İlham Əliyevin hər iki qətiyyətli bəyanatının Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, dövlətimizin başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına bir mesaj idi. Bayrağımızın tezliklə Şuşada, Xankəndidə, digər işğal altında olan torpaqlarımızda dalğalandıracağımıza ürəkdən inandığını deyən icma sədri vurğuladı ki, hamımız ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bir nəfər kimi səfərbər olmalı, sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyətimizi davam etdirməliyik.
Dinləmələrdə  Dağlıq Qarabağ üzrə Azərbaycan icmasının üzvləri - Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, tanınmış pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,  akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Şuşa rayon İcra  hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd rayon İcra  Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, siyasi elmlər doktoru, professor Elçin Əhmədov çıxış edərək  bildirdilər ki, Prezident İlham Əliyevin erməniləri ifşa edən fikirləri hər bir  vətəndaşımız üçün əsl örnək və nümunədir. Ermənilərin saxta iddialarla təxribat xarakterli bəyanatlarına həmişə belə kəskin cavablar verilməli, onlar  susdurulmalıdır.
Toplantıda millət vəkilləri Asim Mollazadə, Qənirə Paşayeva, Sevinc Fətəliyeva, Flora Qasımova, Elman Məmmədov, Sahib Alıyev, Elman Nəsirov, Bəxtiyar Əliyev, Aqil Abbas, Rasim Musabəyov, Nəsib Məhəməliyev, Tahir Mirkişili, Araz Əlizadə çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildirdilər, təkliflər  səsləndirildi.
Qeyd olundu ki, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə çıxarmalıdırlar. Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etməkdir.
Sonda komitə sədri Səməd Seyidov dinləmələrə yekun vurdu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU