PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin deputatları Asəf Hacıyev və Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 39-cu və təşkilatın reqlament üzrə işçi qrupunun iclaslarında iştirak etmək üçün sentyabrın 16-dan 22-dək Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.
Tədbirlərdə quruma üzv dövlətlərin dayanıqlı iqtisadi inkişafında özəl sektorla tərəfdaşlığın rolu, təşkilatın 20 illiyinə həsr olunmuş Bəyanatın müzakirəsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.
* * *
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Azay Quliyev və Ağalar Vəliyev sentyabrın 22-də Belarus Respublikası Milli Şurasının Nümayəndələr Palatasına keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Minskə səfər edəcəklər.
Deputatlarımız ölkənin paytaxtındakı bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.
Milli Məclisin
Mətbuat xidməti