AZƏRBAYCAN – ALMANİYA ƏLAQƏLƏRİ GENİŞLƏNİR

XƏBƏRLƏR
19 sentyabr 2012 | 03:09   
Paylaşın:        

Sentyabrın 19-da Milli Məclis Sədrinin müavini Bahar Muradova  ölkəmizdə  səfərdə olan Almaniya Bundestaqının  deputatı Viola von  Kramon-Taubadelin başçılıq  etdiyi  nümayəndə  heyəti ilə görüşdü. 
Qonaqları salamlayan Bahar Muradova Azərbaycanla Almaniya arasında əlaqələrin qədim tarixi köklərinin olduğunu, bu gün isə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd etdi. Bildirildi ki, tarixin müxtəlif vaxtlarında xalqlarımızı birləşdirən ümumi dəyərlər çox olmuşdur və bu dəyərlərin qorunması, möhkəmlənməsi sevindirici haldır. Bahar Muradova daha sonra Almaniyanın inkişaf etmiş, Azərbaycanın isə inkişaf etməkdə olan ölkə olduğunu diqqətə çatdırdı. Respublikamızın dinamik inkişafı, qısa müddətdə əldə olunan uğurlar  tezliklə bizim də inkişaf etmiş dövlətlər sırasına qoşulacağımızı söyləməyə əsas verir. Bu gün Azərbaycanın  qarşısında  duran  ən böyük hədəf  də məhz budur.  Bu  inkişaf  prosesində  bizim əsaslandığımız  dəyərlər  demokratiya, insan haqları, tolerantlıq, söz və vicdan azadlığı ənənələrinin möhkəmlənməsidir. Vitse-spiker bildirdi ki, ölkəmiz  daha çox  öz  sərvətlərini  insan  potensialını  reallaşdırmaq  üçün sərf  edir. Bu istiqamətdə  dost  ölkələrin, o cümlədən Almaniyanın  çoxillik təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Bahar Muradova parlament  nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda, həmçinin ATƏT PA-da uğurlu əməkdaşlığından söz açdı,  bir  çox məqamlarda  mövqelərimizin üst-üstə  düşdüyünü vurğuladı. O, Almaniyanın  İPS – Beynəlxal Parlament Təqaüdü Proqramı çərçivəsində azərbaycanlı gənclərə xüsusi yer ayırdığına görə minnətdarlığını bildirdi. Bu  proqramın  əlaqələrimizin güclənməsində önəmli rolu olduğundan danışdı.
Vitse-spiker qonağa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət barədə ətraflı məlumat verdi. Bildirildi ki, Ermənistanın 20 faiz torpaqlarımızı işğal altında saxlaması, 1 milyon soydaşımızın yurd-yuvasından digərgin düşməsi, qaçqın həyatı yaşaması bölgənin  inkişafına və təhlükəsizliyinə böyük maneə törədir.
Səmimi görüş və ətraflı məlumat  üçün təşəkkürünü  bildirən Viola von  Kramon-Taubadel  Azərbaycanla  Almaniya  arasındakı  münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirdi. O, qeyd  etdi ki, bu əlaqələrin  daha geniş inkişafı  üçün hər cür imkan vardır. Azərbaycanın öz  təbii sərvətlərini insan  kapitalına yönəltməsini alqışlayan xanım Kramon-Taubadel  bu istiqamətdə  qarşıya qoyulacaq  məqsədlərin uğurla reallaşacağına əminliyini ifadə etdi.
 Almaniyalı deputat  İPS – Beynəlxal Parlament  Təqaüdü  Proqramı çərçivəsində  təhsil  alan  həmyerlilərimizə  hər  cür  dəstək verməyə  hazır olduqlarını  vurğuladı. Azərbaycanın sürətli inkişafından söz  açan qonaq  bu günlərdə  Bakıda start götürəcək yeniyetmə qızlar arasında futbol üzrə dünya  çempionatının bu inkişafın göstəricisi olduğunu da bildirdi.
Söhbətdə Dağlıq Qarabağ  münaqişəsindən danışan qonaq problemin ədalətli həllinə  tərəfdar olduğunu ifadə etdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU