AZƏRBAYCAN - ÇİN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
20 sentyabr 2012 | 03:09   
Paylaşın:        

Sentyabrın  20-də Milli  Məclis  Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan  Ümumçin Xalq Nümayəndələri Yığıncağının  Xarici İşlər Komitəsinin sədri  Li Caosinin başçılıq  etdiyi nümayəndə  heyəti ilə görüşdü.
Ziyafət Əsgərov  qonaqları Milli Məclisdə  salamlamaqdan məmnunluq  duyduğunu  bildirdi. Onlara Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Çinin Xalq Respublikasının dəstəyinə görə minnətdarlığını çatdırdı. Qeyd  olundu ki,  Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də dost ölkə  daim Azərbaycanın  suverenliyini və ərazü  bütövlüyünü dəstəkləyir. O, qonaqlara münaqişənin hazırkı durumu barədə ətraflı məlumat verdi.  Bildirildi ki,  torpaqlarımızın 20  faizi  hələ də düşmən tapdağı altındadır. 1 millyondan  artıq  soydaşımız öz vətənlərində qaçqın həyatı  yaşayır. Ermənistan münaqişənin həlli ilə bağlı BMT  Təhlükəsizlik Şurasının  4  qətnaməsinə məhəl qoymur. Bildirildi ki, bu gün Ermənistan təkcə işğalçı dövlət yox, terrorizmi dövlət səviyyəsində dəstəkləyən bir ölkədir.  Azərbaycan 20 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir. Birinci  vitse-spiker onu da vurğuladı ki, Çin də separatizm və terrorizmdən müəyyən mənada  əziyyət çəkən bir ölkədir. Qeyd olundu ki, ölkəmiz  tərəfindən bu məfhumların bütün təzahürləri pislənilir və buna qarşı bütün mümkün mübarizə  vasitələrindən  birgə istifadənin tərəfdarıdır.  Ziyafət  Əsgərov BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin bundan  sonra da  Azərbaycanın yanında olacağından əminliyini ifadə etdi.
Li Caosi  səmimi  görüş  üçün təşəkkürünü  ifadə etdi. O, qarşlıqlı münasibətlərimizin  vəziyyətindən danışaraq dedi:  “Düzdür, biz də bu problemdən uzun illər əziyyət çəkmişik və indi də çəkirik. Amma biz 1997-ci ildə Honkonqun qaytarılmasına nail olduq və arzu edirəm ki, siz də öz ərazi bütövlüyünüzü tezliklə bərpa edəsiniz. Çin daim Azərbaycanın ərazi bütövlyünü dəstəkləyir.” 
Sonra Ci Laosi Çinin bu gün  iqtisadi baxımdan da təcavüzə məruz  qaldığını söylədi. Bildirildi ki, iqtisadi münasibətlərdə bəzi Avropa ölkələri Çinə qarşı ikili standartlar yürüdür. O, öz ölkəsinin  Azərbaycanla  iqtisadi  əlaqələrin  daha  da  inkişaf  etdirilməsində  maraqlı olduğunu  diqqətə çatdırdı. Qonaq Azərbaycana  ikinci  dəfə  gəldiyini, amma ilk gəlişi ilə indinin arasında  çox  böyük fərq  müşahidə  etdiyini  vurğuladı.
Söhbətdə  qarşılıqlı maraq  doğuran  bir  sıra  məsələlərə  toxunuldu.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU