MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
21 sentyabr 2012 | 06:09   
Paylaşın:        

Sentyabrın 21-də ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici İşlər üzrə Komitəsinin sədri Li Caosinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü.
Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Əhmədov ölkələrimizin tarixi münasibətlərindən danışaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu və bu münasibətlərin ölkələrimizin, xalqlarımızın maraqlarına xidmət etdiyini diqqətə çatdırdı. Əli Əhmədov Çin nümayəndə heyətinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsinə yeni töhfələr verəcəyinə əminliyini bildirdi. Qonaqlara demokratik inkişaf yolu keçən ölkəmizin iqtisadi, siyasi sahədə əldə etdiyi uğurlar barədə məlumat verildi.
Görüş üçün minnətdarlığını bildirən Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici İşlər üzrə Komitəsinin sədri Li Caosin ölkəsinin inkişaf edən Azərbaycanla münasibətlərin daha da möhkəmləndirilməsinə böyük önəm verdiyini dedi. Qeyd etdi ki, Bakıda olduqları müddətdə səmərəli görüşlər keçirib, Azərbaycanla daha yaxından tanış olublar. Li Caosin ölkəmizi və xalqımızı müxtəlif sahələrdə qazanılan böyük uğurlara görə təbrik etdi.
Sonra görüşdə parlamentlərarası əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU