MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
25 sentyabr 2012 | 06:09   
Paylaşın:        

Sentyabrın 25-də Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsi Maria-Qrasia Ciammarinaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Komitə sədri qonaqları səmimi salamlayaraq, ölkəmizlə beynəlxalq qurumlar arasında insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər haqqında söhbət açdı. Görüşdə Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu sahədə bütün beynəlxalq konvensiyalara qoşulduğu qeyd edildi. 2004-cü ildə insan alverinə qarşı Milli fəaliyyət planının hazırlandığı və 2005-ci ildə qəbul edildiyi vurğulandı. Son illər ölkəmizin iqtisadi inkişafının miqrantların sayına ciddi təsir gösdərdiyi bildirildi, qanunvericilik sahəsində də bu məsələ ilə əlaqədar müəyyən işlər görüldüyü söylənildi. Milli Məclisdə insan alverinə qarşı mübarizə ilə bağlı atılan addımlar barədə geniş məlumat verildi.
Görüşdə Maria-Qrasia Ciammarinaro Azərbaycanla ATƏT arasında bir çox sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Qonaq dünyada cinayətkarlığın artdığı bir dövrdə insan alverinə qarşı mübarizənin ATƏT tərəfindən yaxından izlənildiyini bildirdi. İqtisadi inkişafın olduğu bir dövlətdə qeri-qanunu miqrasiyaya qarşı mübarizənin vacibliyi vurğulandı. Bu sahədə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırıldı.
Sonra ikitərəfli əlaqələrin inkişaf yolları müzakirə olundu, qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirildi.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU