AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

XƏBƏRLƏR
28 sentyabr 2012 | 05:09   
Paylaşın:        

Oktyabrın 1-dən 5-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov və Fazil Mustafa daxildirlər.
İclaslarda Rusiyanın təşkilat qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi, siyasi partiyalarda qadınların təmsilçiliyi, siyasi məhbus anlayışı və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun “Avropa ali təhsil məkanında beynəlxalq şəffaflığın qorunması” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaqdır.
İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
Səfər çərçivəsində deputatlar Rafael Hüseynov, Rövşən Rzayev və Sabir Hacıyev  Strasburqda keçiriləcək Demokratiya Forumunda da iştirak edəcəklər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU