MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINDA SON İCLASI KEÇİRİLDİ

XƏBƏRLƏR
06 yanvar 2012 | 10:01   
Paylaşın:        

Dekabrın 30-da Milli Məclisin payız sessiyasında sonuncu iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki,  qarşıdan gözəl bayramlar gəlir. Sədr həm Dünya azərbaycanlılarının həmrəyliyi günü, həm də Yeni ilin gəlişi münasibəti ilə deputatları ürəkdən təbrik etdi, hər birinin ailəsinə can sağlığı, səadət və işlərində müvəffəqiyyətlər  arzuladı.
Sədr diqqətə çatdırdı ki, bu bayramlar münasibəti ilə Milli Məclis Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə təbrik məktubu hazırlamışdır. Sizin icazənizlə, bu təbrik məktubu ilə cənab Prezi¬den¬¬timizi bayramlar münasibəti ilə təbrik edək, ona uzun ömür, möhkəm can sağlığı və Azərbaycanın xoş¬bəx¬t¬ gələcəyi naminə çətin və şərəfli fəaliyyətində yeni uğurlar ar¬zul¬a¬yaq!
Sədrin təklifi deputatlar tərəfindən alqışlarla qarşılandı və təbrik məktubuna razılığın ifadəsi kimi qəbul edildi.
Cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputatlar bu günlərdə Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanını yüksək qiymətləndirdilər, Fransa parlamentində “erməni soyqırımını” inkar edənlərə cəza nəzərdə tutan qərarın qəbul edilməsi ilə bağlı Milli Məclisin müraciət qəbul etməsini təklif etdilər.
Qaldırılan məsələlərə münasibət bildirən spiker Oqtay Əsədov  diqqətə çatdırdı ki, Milli Məclis Fransa Senatına müraciət qəbul etməlidir. Sədr bununla bağlı TürkPA-nın da, digər beynəlxalq təşkilatların da münasibət bildirməsinin vacibliyini vurğuladı. Milli Məclisin Sədri bildirdi ki, Azərbaycanın bu məsələdə Türkiyənin yanında olması bütün səviyyələrdə bəyan edilib və Prezident İlham Əliyev bu günlərdə Azərbaycanın həmişə Türkiyəni dəstəkləyəcəyini bir daha baş nazir Rəcəb Tayyib Ərdoğanın diqqətinə çatdırıb.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə Fransa Senatına müraciətin mətnini hazırlamaq üçün deputat Mübariz Qurbanlının rəhbərliyi ilə işçi qrup yaradıldı.
Çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova diqqətə çatdırdı ki, bu tip qərarların Avropanın inkişaf etmiş ölkələrinin parlamentləri tərəfindən qəbul olunması təkcə etnik qarşıdurmaya deyil, eyni zamanda dəyərlərin qarşıdurmasına gətirib çıxarır. Bu cür qanunlar Avropa dəyərlərini şübhə altına alır.  Bahar Muradova təkcə TürkPA-nın deyil, digər beynəlxalq təşkilatların da bu məsələyə münasibət bildirməsinin vacibliyini vurğuladı. Sədr müavini qeyd etdi ki, ATƏT, onun Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqı bu məsələyə münasibətini bildirməlidir.
Sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. İlk olaraq "Sosial xidmət haqqında" Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda təsdiq olundu.
Millət vəkilləri ölkəmizin İsveçrə Konfederasiyasında (Bern şəhərində) Səfirliyinin təsis edilməsi haqqında məsələyə də razılıq verdilər.
İclasda Azərbaycan Hökuməti və Gürcüstan Hökuməti arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi haqqında, Türkiyə Hökuməti ilə sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında, Qazaxıstan Hökuməti ilə dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında, həmçinin diplomatik nümayəndəliklərin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında Sazişlər təsdiq olundu.
Sonra deputatlar  Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsini də təsdiq etdilər. Bildirildi ki, bu sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsinə xidmət edir.
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunda dəyişikliklər edilməsi və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Qanunun ləğv edilməsi haqqında məsələlər barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırdı ki, bu məsələ biometrik informasiya texnologiyaları əsasında yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanmasını özündə ehtiva edir. Bu şəxsiyyət vəsiqəsinin üzərində elektron daşıyıcısı (çip) yerləşdiriləcək və bu, müasir dünyada, həmçinin Avropa İttifaqı ölkələrində mövcud olan şəxsiyyət vəsiqələrinə uyğundur. Yeni nəsil şəxsiyyət vəsiqələri vətəndaşların qarşılıqlı razılıq olan ölkələrə də gediş-gəlişinə imkan verəcəkdir.
Müzakirələrdən sonra hər iki layihə səsə qoyularaq qəbul edildi.
İclasda Milli Məclisin deputatı Sahibə Qafarova Milli Məclisin Fransa Senatına müraciətini oxudu. Müraciətdə deyilir ki, “erməni soyqırımı”nın baş verdiyi iddia olunan dövrdə, yəni XX əsrin əvvəllərində yüz minlərcə günahsız türk və azərbaycanlı erməni millətçiləri tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdir. Lap yaxın keçmişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərcə dinc sakini yalnız azərbaycanlı olduğuna görə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bütün bunlar nəzərə alınarsa, yəqin, bizimlə razılaşarsınız ki, tarixi hadisələrə bir tərəfin mövqeyindən qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliyə gətirib çıxara bilər. Ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin bəd niyyətli fəaliyyəti  nəticəsində qəbul edilə biləcək qanun 2 əsrdən də çox bundan əvvəl İnsan və vətəndaş hüquqları haqqında Bəyannaməni qəbul etmiş  Fransa kimi qədim demokratik ənənələrə malik ölkənin nüfuzuna yalnız ləkə vura bilər. Bununla yanaşı, belə bir qanun Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaqdır.
Müraciət dinlənildikdən sonra səsə qoyularaq qəbul edildi.
İclasda millət vəkilləri "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında" qanunlara, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəllədə dəyişikliklər edilməsinə razılıq verdilər.  
Sonra Hesablama Palatasının sədri Heydər Əsədov "Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında" Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə məsələ haqqında məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər Palatanın Naxçıvan Muxtar Respublikasında İdarəsinin yaradılması ilə bağlıdır və onun yaradılması Palatanın işini xeyli yüngülləşdirəcəkdir.  Deputatlar məsələnin əhəmiyyətini nəzərə alaraq onu təsdiqlədilər.
Sonra Milli Məclisin deputatı Mübariz Qurbanlı Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini oxudu. Millət vəkilləri müraciəti alqışlarla qarşıladılar və səsə qoyaraq təsdiqlədilər.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu gün artıq payız sessiyasının son iclasıdır. Milli Məclisin payız sessiyasında 12 iclas keçirilmiş, 106 qanun və qərar qəbul olunub. Parlamentin beynəlxalq əlaqələri daha da inkişaf edib.
Sədr gələn ilin yaz sessiyasında Milli Məclisin əldə etdiyi uğurların daha da artacağına əminliyini ifadə etdi və Milli Məclisin payız sessiyasını bağlı elan etdi.
İclasın sonunda Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU