BAHAR MURADOVA: “Azərbaycanda heç vaxt milli və dini zəmində münaqişələr olmayıb. Dağlıq Qarabağ münaqişəsi yalnız Ermənistanın təcavüzkarlıq planlarının nəticəsidir.”

XƏBƏRLƏR
11 oktyabr 2012 | 04:10   
Paylaşın:        

Oktyabrın 11-də Milli Məclis Sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT-in nümayəndə heyəti ilə görüşdü.
Görüşdə Bahar Muradova qeyd etdi ki, Azərbaycan həyatını bu günün reallıqları əsasında qurur. Məramımız əsas investisiyaların insan amilinə yatırılması, vətəndaşlarımızın dinc şəraitdə rahat və firavan yaşamasının təmin olunmasıdır.
Bildirildi ki, ATƏT-in üzvü olan ölkəmiz qurumla sıx əməkdaşlıq edir. Qarşılıqlı əlaqələr həm ATƏT regionu, həm də Azərbaycan üçün çox dəyərlidir. ATƏT PA-nın Tiranada keçirilmiş  payız sessiyasında multikulturalizm, dini dözümlülük, ksenofobiya, irqi ayrı-seçkiliyə yol verilməməsi, mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi kimi ciddi məsələlərin müzakirə olunduğunu razılıqla vurğulayan vitse-spiker  onu da qeyd etdi ki, Azərbaycan nümayəndə heyəti həmin müzakirələrdə fəal iştirak edib. Ölkəmizdə ATƏT dəyərlərinə önəm verilir.  
Milli Məclis Sədrinin müavini qonaqların nəzərinə çatdırdı ki, Azərbaycan Konstitusiyası və qəbul olunmuş qanunlar ölkəmizdəki milli azlıqların azad yaşaması və dini icmaların rahat fəaliyyəti üçün lazımi şəraiti yaradır. Azərbaycanda tolerantlıq tarixən mövcud olub və biz onu qoruyub saxlamışıq. Bu, bizim nailiyyətimizdir və ölkəmizdə olmuş beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu siyasətçilər tərəfindən dəfələrlə etiraf edilib. Dözümlülüyün Azərbaycan modeli dünya ölkələri üçün nümunə kimi qiymətləndirilib. Çünki hazırda antisemitizm dünyanı narahat edən problemdir.
Bahar Muradova vurğuladı ki, Azərbaycanda heç vaxt milli və  dini zəmində münaqişə olmayıb. Dağlıq Qarabağ münaqişəsi yalnız Ermənistanın təcavüzkarlıq planlarının nəticəsidir. Bəzi dairələr Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlamış Dağlıq Qarabağ münaqişəsinə başqa don geyindirmək istəsələr də, məlumdur ki, bu nə  dini, nə də etnik münaqişə deyildir.
Sonra görüşdə iştirak edən Milli Məclis üzvlərindən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, həmin komitənin sədr müavini Yevda Abramov, Azərbaycandakı Rus icmasının sədri Mixail Zabelin, Azay Quliyev və Azər Badamov çıxış edərək ölkəmizdə milli azlıqlara göstərilən qayğıdan danışdılar, müxtəlif dinlərə etiqad üçün bərabər səviyyədə şərait yaradıldığını konkret misallarla diqqətə çatdırdılar. ATƏT nümayəndələrinə məlumat verildi ki, ölkəmizdə yaşayan rus, yəhudi, ləzgi, avar və digər xalqların nümayəndələri vahid vətənin – Azərbaycanın övladları kimi hər zaman bu torpağın qeyrətini çəkmiş, Qarabağ uğrunda döyüşlərdə canlarını fəda etmişlər.
Deputatlarımız son vaxtlar dünyanın ayrı-ayrı ölkələrində  müsəlmanlara və islam dininə qarşı aparılan əks təbliğatdan narahatlıqlarını da ifadə etdilər, dini ayrı-seçkiliyin yolverilməz olduğunu vurğuladılar.
Görüşdə fikirlərini bölüşən ATƏT sədrinin Dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri Adil Axmetov (Qazaxıstan), Endryu Beyker (ABŞ) və Ketrin Makginnes (İrlandiya) vurğuladılar ki, ölkəmizdə apardıqları müşahidələr, keçirdikləri görüşlər Azərbaycanda müxtəlif millətlərin dinc və sabitlik şəraitində yaşadıqlarını, milli azlıqlarla dini icmalar arasında qarşılıqlı hörmət və etimadın olduğunu deməyə əsas verir. Həmçinin Azərbaycanın dövlət orqanlarında müxtəlif millətlərin təmsil olunması yüksək qiymətləndirildi. ATƏT nümayəndələri bildirdilər ki, həqiqətən, dözümlülüyün Azərbaycan modeli dünya ölkələri üçün nümunədir və Azərbaycanın təcrübəsi hər yerdə təbliğ olunmalıdır. 


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU