UŞAQLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏ KAMPANİYASI UĞURLA DAVAM EDİR

XƏBƏRLƏR
11 oktyabr 2012 | 05:10   
Paylaşın:        

Avropa Şurasının Uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyası çərçivəsində   oktyabrın 11-də YAP Suraxanı rayon təşkilatında Bakı şəhərinin 11 rayonunun polis şöbələrində fəaliyyət göstərən uşaqlarla iş strukturlarının nümayəndələri ilə Almaniya Psixoloji Mərkəzinin əməkdaşı Qalina Heynzelmanın görüşü keçirildi.
Görüşü açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini,  Avropa Şurasının Uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyasının Azərbaycan üzrə koordinatoru Sevinc Fətəliyeva bildirdi ki, Avropa Şurasının bu kampaniyası ölkəmizdə uğurla davam etdirilir və bu sahədə bir sıra uğurlara nail olunmuşdur. Deputat diqqətə çatdırdı ki, hər sessiyada Avropa Şurasında uşaqlara qarşı zorakılıqla mübarizəyə dair bülleten çap olunur. Bu ilin oktyabr ayının bülletenində onun ön sözü ilə Azərbaycanda bu sahədə görülən işlərə dair yazı dərc olunmuşdur. Sevinc Fətəliyeva qeyd etdi ki, bu kampaniya    çərçivəsində Qalina xanım dəfələrlə Azərbaycanda olmuş, məktəblərdə, idman müəssisələrində görüşlər keçirmiş, uşaqlara müəyyən situasiyalarda özlərini necə aparmaq barədə məsləhətlər vermiş, öz təcrübəsini bölüşmüşdür.
Çıxış edən psixoloq Qalina Heynzelman bildirdi ki, Almaniyada uşaqlara qarşı zorakılığın qarşısının alınmasında polis mühüm rol oynayır, bağça və məktəblərdə davamlı iş aparırlar. Qeyd olundu ki, zorakılığa məruz qalan uşaqların səhhətlərində gələcəkdə hər hansı problemlərin yaranması riski artdığına görə onlarla psixoloji söhbətlərin aparılması çox vacibdir.
Sonra polis şöbələrinin nümayəndələri Azərbaycanda bu sahədə görülən işlər və polisin bu sahədəki iş metodları barədə məlumat verdilər. Söhbət zamanı polis şöbələrində psixoloq ştatının olmasının vacibliyi diqqətə çatdırıldı.

 

*       *      *

 

Elə həmin gün Avropa Şurasının Uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyası çərçivəsində Milli Məclisdə dəyirmi masa keçirildi. Dəyirmi masada Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova, Almaniya Psixoloji Mərkəzinin əməkdaşı Qalina Heynzelman və Azərbaycanda uşaq hüquqları sahəsində aktiv fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər. Qonaqları salamlayan deputat Sevinc Fətəliyeva Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının rolunu yüksək qiymətləndirdi. Bildirdi ki, bu sahədə ölkəmizdə xeyli işlər görülmüş və Milli Məclis tərəfindən lazımi qanunvericilik bazası yaradılmışdır.
Dəyirmi masada çıxış edən Qalina Heynzelman uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində Almaniya Hökumətinin həyata keçirdiyi tədbirlər və ölkəsinin bu sahədə təcrübəsi barədə danışdı.
Sonra Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova uşaq hüquqları sahəsində Azərbaycanda yaradılmış qanunvericilik bazası barədə ətraflı məlumat verdi. Bildirdi ki, bununla bağlı ölkəmizdə 10-a yaxın qanun qəbul edilmiş və bu sahə daim Milli Məclisin diqqət mərkəzindədir.
Dəyirmi masada qeyri-hökumət təşkilatlarının nümayəndələri də mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.
Tədbirdə “Biz zorakılığa yox deyirik” adlı sosial reklam çarxı da nümayiş etdirildi.

 

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU