AVROPADA AZƏRBAYCANIN NÜFUZU MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
06 yanvar 2012 | 06:01   
Paylaşın:        

Yanvarın 6-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü.
Nümayəndə heyətinin səfər çərçivəsində keçirilən görüşlərdə Dağlıq Qarabağ probleminin çözülməsi ilə əlaqədar fikir mübadiləsinə xüsusi əhəmiyyət verdiyini qeyd edən I vitse-spiker onlara münaqişənin tarixindən ətraflı söhbət açdı. Faktlara istinadən ölkəmizə və xalqımıza dəyən maddi-mənəvi zərəri diqqətə çatdırdı. İşğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistana münasibətdə mövcud olan ikili standartlardan danışdı. Belçika deputatlarına məlumat verildi ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını boşaltmağa dair BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və Avropa Parlamentinin qətnamələrinə indiyədək riayət etməyib. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması zərurətini vurğulayan Ziyafət Əsgərov Belçika parlamentarilərini Dağlıq Qarabağ məsələsində haqqın və ədalətin qalib gəlməsi üçün səylərini əsirgəməməyə çağırdı.
Xocalı soyqırımı barədə danışan Milli Məclis Sədrinin I müavini dedi ki, dünyanın gözü qarşısında baş vermiş bu bəşəri cinayətlə bağlı beynəlxalq hüquq Ermənistana heç bir təzyiq göstərmir. Amma Fransa parlamenti bir əsr öncə baş vermiş 1915-ci il hadisələrini araşdırmadan qondarma “erməni soyqırımını” inkara görə cəza nəzərdə tutan qanun qəbul edir. Z.Əsgərov vurğuladı ki, adı çəkilən qanun yalnız Fransa demokratiyasına deyil, bütövlükdə Avropa demokratiyasına töhmətdir.
Söhbət zamanı Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun Milli Məclisdəki müvafiq işçi qrupla yaxşı əməkdaşlıq etdiyini deyən I vitse-spiker birgə layihələrdən razılıqla söz açdı. Hər iki qrupa uğurlar dilədi. Azərbaycanla Belçika arasında əlaqələrin hərtərəfli inkişafı üçün yaxşı potensial olduğunu vurğuladı.
Nümayəndə heyətinə başçılıq edən Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Filip Blanşağ qəbula görə təşəkkür etdi. Bildirdi ki, Azərbaycanın müsbət imici get-gedə Avropada möhkəmlənir. Geosiyasi mövqeyinə görə Qərbin maraq dairəsində olan Azərbaycan tolerantlığı, enerji ehtiyatları, iqtisadi inkişaf templəri baxımından da yaxşı nüfuz qazanır.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlərə toxunuldu.


***


Milli Məclisdəki görüşlərin yekununda mətbuat üçün brifinq keçirildi. Filip Blanşağ bildirdi ki, ölkəmizə səfərin əsas məqsədi iki dövlət və parlamentlər arasındakı əməkdaşlığın inkişafıdır. Dedi ki, burada Cənubi Qafqazdakı mövcud problemlərlə, o cümlədən ən ciddi məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələr aparmışıq. Azərbaycanın bir neçə regionuna səfər edərək qaçqın və məcburi köçkünlərlə görüşəcəyik. Avropa İttifaqı bizim Dağlıq Qarabağ problemi ilə, həmçinin Azərbaycandakı qaçqın və köçkünlərin durumuyla daha yaxından tanış olmağımızı istəyir.
Sonra brifinqdə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Elxan Süleymanov jurnalistlərə belçikalı həmkarları ilə birgə həyata keçirdikləri tədbirlər və perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verdi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU