MDB PA-nın KOMİSSİYA İCLASLARINDA

XƏBƏRLƏR
15 oktyabr 2012 | 12:10   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin və MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyasının sədri Arif Rəhimzadə, deputatlar Adil Əliyev və Aslan Cəfərov MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmək üçün oktyabrın 15-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşüblər.
Deputatlarımız qurumun Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, Təhlükəsizlik və müdafiə məsələləri üzrə Daimi komissiyalarının, həmçinin MDB-də Terrorizm, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə Birgə komissiyasının iclaslarında iştirak edəcək, müzakirəyə çıxarılan  qanunvericilik aktlarına, quruma üzv ölkələr üçün hazırlanan model qanunlara dair fikirlərini bölüşəcəklər.
İclaslarda mədəniyyətlərarası dialoqun vacibliyi, vətəndaşların reproduktiv hüquqlarının müdafiəsi, dövlətin sosial strategiyası, immiqrantların inteqrasiyası, korrupsiyaya qarşı mübarizə, antikorrupsiya monitorinqi, qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı fəaliyyət, açıq telekommunikasiya şəbəkələrinin istismarının hüquqi baxımdan tənzimlənməsi, informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi və uzlaşdırılması kimi aktual məsələlər barədə sənədlərə baxılacaq. 
Milli Məclisin deputatı Aslan Cəfərov İqtisadiyyat və maliyyə üzrə Daimi komissiyada “MDB PA-ya üzv ölkələrdə MDB PA-nın iqtisadiyyat və maliyyə sahəsinə dair model qanunlarının istifadəsi” mövzusunda məruzə edəcək.
Səfər oktyabrın 19-da başa çatacaq
                         

                              
Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU