Azərbaycanla Belçika arasında əlaqələrin hərtərəfli inkişafına dair tədbirlər planı hazırlanıb

XƏBƏRLƏR
06 yanvar 2012 | 06:01   
Paylaşın:        

Bakıda səfərdə olan Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri yanvarın 6-da Milli Məclisdə Azərbaycan-Belçika işçi qrupunun üzvləri ilə görüşdülər.
Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun və ölkəmizin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Milli Məclisin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verdi. Bildirdi ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Milli Məclisdə dünyanın yüzə yaxın ölkəsi, o cümlədən Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları vardır. Bu qruplar parlament diplomatiyasının inkişafında mühüm rol oynayırlar.
Belçika parlament nümayəndə heyətinin rəhbəri Filip Blanşağ diqqətə çatdırdı ki, onun ölkəsi, xüsusən də parlament Azərbaycan ilə  əlaqələrin inkişafında maraqlıdır. Azərbaycana səfərin əsas məqsədi parlamentlərimiz və xalqlarımız arasında münasibətlərin inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparmaqdır.
Görüşdə bildirildi ki, Azərbaycan ilə Belçika arasında əlaqələrin hərtərəfli inkişafına dair tədbirlər planı hazırlanmışdır. Bu planda Azərbaycanın Şamaxı və Belçikanın Thuin şəhərlərinin qardaşlaşması işinin sürətləndirilməsi, dahi Azərbaycan şairi M.Ə.Sabirin Thuin şəhərində heykəlinin ucaldılması, tələbə mübadiləsi, hər iki ölkədə biznes forumların təşkili və s. məsələlər əksini tapmışdır.
Görüşdə qeyd olundu ki, qarşılıqlı səfərlər və nəzərdə tutulmuş tədbirlərin keçirilməsi əlaqələrimizin hərtərəfli inkişafında mühüm rol oynayacaq.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın problemlə əlaqədar BMT TŞ, AŞPA, Avropa Parlamenti, ATƏT PA və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları yerinə yetirməməsinin fəsadları və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU