MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
30 oktyabr 2012 | 03:10   
Paylaşın:        

Oktyabrın 30-da Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Qonağı səmimi salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov onu bu vəzifəyə seçilməsi münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycanın bu təşkilatdakı nümayəndə heyəti o vaxt Prezident İlham Əliyevin başçılığı ilə fəaliyyətə başlamışdı. Qeyd etmək lazımdır ki, artıq bu gün Azərbaycan Andora və Avstriyadan sonra bu təşkilata rəhbərlik etməyə hazırlaşır.
Səməd Seyidov diqqətə çatdırdı ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti həmişə fəal olmuş, öz mövqeyini, ölkəmizin problemlərini bu təşkilatın diqqətinə çatdırmış və bundan sonra da çatdıracaqdır. 2005-ci ildə bu təşkilat tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunmuş 1416 saylı qətnamə isə hər iki tərəfin uğurudur.
Səməd Seyidov qeyd etdi ki, Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, onun 20 faiz torpağı işğal altındadır və 1 milyon vətəndaşı yurd-yuvasından didərgin düşmüşdür. Təəssüf ki, bu beynəlxalq təşkilatın bəzi strukturları və bəzi nümayəndələri ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Bildirildi ki, Dağlıq Qarabağ münaqişəsi artıq təkcə Azərbaycanın yox, həm də Avropa Şurasının problemidir və bu təşkilatın imicinə mənfi təsir göstərir.
Səmimi görüş üçün təşəkkürünü bildirən xanım Qabriela Battaini-Draqoni yenidən Azərbaycana gəlməkdən və hər gəlişində burada bütün cəmiyyətin inkişafının şahidi olmasından məmnunluğunu ifadə etdi. Qonaq Azərbaycanın qonşuluq siyasətinin və mədəniyyətlərarası dialoqun inkişafındakı rolunu xüsusi vurğuladı. Söhbət zamanı Avropa Şurasında  Azərbaycanla bağlı fəaliyyət planının qəbul edilməsinin vacibliyi vurğulandı və ölkəmizdə Avropa Şurasının Bakı ofisi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıldı.
Görüşdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Əli Hüseynli, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Fazil Mustafa çıxış edərək qonağa yeni vəzifəsində uğurlar arzuladılar.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU