MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
05 noyabr 2012 | 05:11   
Paylaşın:        

Noyabrın 5-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq komissiyasının 2-ci iclasının iştirakçıları ilə görüşdü.
Ziyafət Əsgərov qonaqları salamlayaraq bildirdi ki, TürkPA 2008-ci ildə fəaliyyətə başlayandan bir sıra konfrans, seminar və iclaslar keçirmiş, mühüm işlər görmüşdür. Qurumun Hüquq komissiyasının bugünkü iclası da mühüm qərarların qəbul olunması ilə  yadda qaldı.  Bu iclasda təşkilata üzv ölkələrdə parlamentlərin reqlamentləri, deputatların səlahiyyətləri, qanunvericilik sahəsində əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olundu. Düşünürük ki, komissiyanın iclasında qəbul olunan qərarlar təşkilata üzv ölkələr arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəkdir.
Ziyafət Əsgərov diqqətə çatdırdı ki, bu gün TürkPA-ya üzv olan ölkələrin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməsi mühüm əhəmiyyətə malikdir. Bildirildi ki, türk dünyasının güclənməsi üçün bizim birləşməyə ehtiyacımız var və bu gün bir sıra ölkələr TürkPA-ya üzv olmaq, bu qurumun işində müşahidəçi qismində iştirak etmək istəyirlər. Əminik ki, TürkPA-nın üzvləri gələcəkdə daha da artacaq və türk dövlətlərinin nümayəndələri bir-birilərini tərcüməsiz anlaya biləcəklər.
Səmimi görüş üçün minnətdarlıq edən komissiyanın sədri Haluk İpək diqqətə çatdırdı ki, bu cür tədbirlər üzv ölkələr arasında əlaqələrin inkişafında, qanunvericilik sahəsində əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Qeyd olundu komissiyanın birinci iclasında TürkPA-ya üzv ölkələrin konstitusiyaları müzakirə olunmuş, hər bir üzv ölkənin Ana Qanunu digər dillərə tərcümə olunaraq ayrıca kitab halında nəşr etdirilmişdir. Bu təşəbbüs qardaş ölkələrin bir-birilərini daha yaxından tanımasına xidmət edir. Qeyd olundu ki, bizi ümumi dəyərlər birləşdirir və TürkPA-ya üzv ölkələrin hüquq sistemlərinin bir-birinə uyğunlaşdırılması da ümumi işin xeyrinədir.
Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız respublikaları parlamentlərinin deputatları və TürkPA katibliyinin əməkdaşları iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU