TÜRKPA-nın HÜQUQ KOMİSSİYASININ İKİNCİ İCLASI KEÇİRİLDİ

XƏBƏRLƏR
05 noyabr 2012 | 05:11   
Paylaşın:        

Noyabrın 5-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq komissiyasının ikinci iclası keçirildi. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız respublikaları parlamentlərinin deputatları, diplomatlar, TürkPA katibliyinin əməkdaşları iştirak edirdilər.
İclasa sədrlik edən Türkiyə Böyük Millət Məclisinin deputatı, TürkPA Hüquq komissiyasının sədri Haluk İpək tədbirin əhəmiyyətini yüksək dəyərləndirdi. Qeyd etdi ki, belə tədbirlər üzv ölkələr arasında əlaqələrin inkişafında, qanunvericilik sahəsində əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Məlumat verdi ki, komissiyanın Ankarada keçirilmiş birinci iclasında TürkPA-ya üzv ölkələrin konstitusiyaları nəzərdən keçirilib, hər birinin qanunvericilik tarixi və ənənələri araşdırılıb. Yekunda TürkPA üzvlərinin konstitusiyaları dörd dilə tərcümə edilərək ayrıca kitab halında nəşr edilib.
Sonra Haluk İpək bildirdi ki, bugünkü iclasda parlamentlərin reqlamentləri və deputatların səlahiyyətləri, qanunvericilik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. O, qəbul edilən qərarların TürkPA-ya üzv ölkələr arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə inam ifadə etdi.
Komissiya sədri göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə iştirakçılar adından Azərbaycan tərəfinə minnətdarlıq bildirdi.
Milli Məclisin rəhbərliyi adından qonaqları salamlayan birinci vitse-spiker Ziyafət Əsgərov ölkəmizin TürkPA-nın fəaliyyətinə böyük əhəmiyyət verdiyini xüsusi vurğuladı. O dedi ki, TürkPA-ya üzv ölkələrin hamısı demokratik, dünyəvi dövlət qurublar. Bu ölkələrin konstitusiyalarının bir-birinin dilinə tərcümə olunması hüquqi inteqrasiyaya imkan yaradır. Bu həm parlament diplomatiyasının dərinləşməsi, həm demokratiyanın və parlamentlərarası əlaqələrin inkişafı baxımından, həm də bizim beynəlxalq əməkdaşlığımızın möhkəmlənməsi üçün əhəmiyyətlidir. Milli Məclis Sədrinin birinci müavini komissiyanın işinə uğurlar arzuladı.
Sonra TürkPA-nın baş katibi Ramil Həsənov çıxış edərək Hüquq komissiyasının ikinci iclasının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirdi. Bildirdi ki, müzakirə edilən məsələlər və qəbul olunan qərarlar ümumi işin xeyrinədir. Baş katib TürkPA-nın həyata keçirdiyi layihələrdən danışdı, görülən işlərə üzv dövlətlərin başçıları və  parlament rəhbərlərinin verdiyi yüksək qiyməti və dəstəyi xüsusi qeyd etdi. Bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın işinə daim diqqət və qayğı göstərir. Dövlət başçısının tapşırığına əsasən TürkPA katibliyi üçün yeni bina tikiləcək. Bunun üçün torpaq sahəsi də ayrılıb və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.
Sonra toplantı öz işini davam etdirdi. Əvvəlcə gündəlik təsdiqləndi. İclasda “TürkPA-ya üzv dövlətlərin parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri”, “TürkPA milli parlamentlərinin prosedur qaydaları və parlament üzvlərinin mövqeyi” və “TürkPA-ya üzv ölkələrin qanunvericilik sahəsində əməkdaşlığı” mövzularında hesabat və tövsiyə xarakterli qərarların layihələri müzakirə olundu. TürkPA reqlamentinin  bir  sıra maddələrinə dəyişikliklər  edilməsinə dair  təkliflərə baxıldı. Üzv ölkələrin nümayəndələri rəy və təkliflərini bildirdilər.
Müzakirələrin yekununda milli parlamentlərə tövsiyələr qəbul olundu. Bildirildi ki, həmin tövsiyələr TürkPA-nın 2013-cü ildə Türkiyədə keçiriləcək IV plenar sessiyasında təsdiq edildikdən sonra üzv ölkələrin parlamentlərinə göndəriləcəkdir. Milli parlamentlər həmin tövsiyələr əsasında yeni qanun layihələri hazırlayacaqlar.
Sonra təşkilati məsələlərə baxıldı. TürkPA-nın IV ümumi iclasına məruzəçi təyin olundu. Bildirildi ki, qurumun  Hüquq  komissiyasının üçüncü iclası Qazaxıstanın paytaxtı Astana şəhərində  keçiriləcək.
Sonda iclas iştirakçıları xatirə şəkli çəkdirdilər. Bununla da Hüquq komissiyasının ikinci iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU