TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
07 noyabr 2012 | 11:11   
Paylaşın:        

Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin iclası  keçirildi.
İclasda “Azərbaycan Hökuməti ilə Türkiyə  Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı, Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə ərazisi vasitəsi ilə tranziti haqqında və  təbii qazın  Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi barədə” və “Azərbaycan  Hökuməti və Türkiyə  Hökuməti arasında  Azərbaycan Respublikası mənşəli və Azərbaycan ərazisindən tranzitlə keçən təbii qazın Türkiyə Respublikasına və onun ərazisi ilə Trans-Anadolu qaz kəməri vasitəsi ilə tranzit keçidinə dair”  Hökumətlərarası Sazişin  təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olundu.
Milli Məclis Sədrinin müavini və komitənin sədri Valeh Ələsgərov bildirdi ki, birinci sənəd 2011-ci ilin oktyabrında Türkiyənin İzmir şəhərində, ikincisi isə 2012-ci ilin iyununda İstanbulda imzalanmışdır. Bu layihələrin məqsədi Azərbaycanda istehsal olunan və Türkiyə bazarında satışa çıxarılan təbii qazın nəqli, mühafizəsi, qaz boru kəmərlərinin inşası və hüquqi mülkiyyətini müəyyən etməkdir. Bu sənədlərin təsdiqi və həyata keçirilməsi Azərbaycanın regionda mövcud olan iqtisadi və siyasi mövqelərini daha da möhkəmləndirəcəkdir.
Müzakirələr zamanı komitə sədrinin müavini Elton Məmmədov, deputat Muxtar Babayev, Etibar Hüseynov çıxış edərək sənədlərin əhəmiyyətindən danışdılar, hər iki sazişin Azərbaycanın milli maraqlarına xidmət etdiyini bildirdilər.  
 Sonda hər iki qanun layihəsinin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alındı. 

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU