MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
17 yanvar 2012 | 09:01   
Paylaşın:        

Yanvarın 9-da Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik  və  müdafiə  komitəsinin sədri  Ziyafət  Əsgərov  ölkəmizdə səfərdə olan  Finlandiya  parlamentinin nümayəndə  heyəti ilə görüşdü.
  Qonaqları Azərbaycan  parlamentində salamlamaqdan məmnunluq  duyduğunu bildirən Ziyafət  Əsgərov qeyd etdi ki, Azərbaycanla  Finlandiya arasında münasibətlərin intensivləşməsi vacibdir və iki ölkə habelə parlamentlərarası əlaqələrin inkişafı üçün belə səfərlərin böyük  əhəmiyyəti var. Ölkəmizin demokratik dəyərlərə böyük önəm  verdiyini  qeyd  edən  birinci  vitse-spiker parlamentin fəaliyyəti, rəhbərlik etdiyi komitənin işi, ölkəmizdə həyata keçirilən islahatlar, vətəndaş  cəmiyyətinin inkişafı barədə qonaqlara ətraflı məlumat verdi. Bildirildi ki, ölkəmiz müstəqillik qazanandan bu günə qədər parlamentdə 3 mindən artıq  qanun qəbul edilib.
Daha sonra Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi barədə  ətraflı  söhbət  açan  Ziyafət  Əsgərov  qonaqların diqqətinə çatdırdı ki,  Azərbaycanın  20  faiz  torpağı  hələ də erməni silahlı  qüvvələri  tərəfindən  işğal altında saxlanılır. 20 ildən artıqdir ki, 1 milyondan artıq vətəndaş  öz  döğma  yurd-yuvasından  didərgin düşüb. Ermənistan  isə  problemin  sülh  yolu  ilə  həlli istiqamətində  atılan  addımlara  etinasız  yanaşır.  Bu problemin  həlli ilə  bağlı  BMT  Təhlükəsizlik Şurasının,  Avropa Parlamentinin, Avropa  Şurasının və digər nüfuzlu  beynəlxalq  təşkilatların  qəbul  etdiyi  bütün  qətnamə  və  qərarlara  məhəl  qoymur.  Bu  problemin  həlli  istiqamətində  görülən  işlərdən  danışan Ziyafət  Əsgərov  qeyd  etdi ki, Azərbaycan  öz  torpaqlarını  hərbi  yolla  azad  etmək  iqtidarında  olsa  da,  məsələnin  beynəlxalq  hüquq norma və prinsiplərinə uyğun şəkildə, ədalətli həllinə  tərəfdardır. 

Finlandiya  parlamentinin deputatı İlkka Kanerva səmimi  görüşə və  ətraflı  məlumata görə minnətdarlığını bildirdi.  Qonaq qeyd  etdi ki, Azərbaycan Cənubi Qafqazda çox güclü geostrateji mövqeyə malikdir. O, Finlandiyanın Dağlıq  Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq  hüquq normaları prinsiplərinə uyğun şəkildə həllinə tərəfdar olduğunu dedi. Səfər müddətində ölkəmizin  qaçqın və məcburi köçkünlər məskunlaşan ərazilərinə baş  çəkmək arzusunda  olduqlarından söz  açdı. Qonaq Azərbaycana  ilk dəfə  2008-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri kimi səfər  etdiyini və ötən bu müddət ərzində  ölkəmizin sürətli iqtisadi  inkişafından  məmnun  qaldığını bildirdi.
Sonra  görüşdə  qarşılıqlı maraq doğuran bir sıra  məsələlər  barədə  fikir  mübadiləsi  aparıldı.
Görüşdə Milli Məclisin deputatı Elxan Süleymanov və digər  rəsmi şəxslər iştirak edirdi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU